Son ölkə çempionu "Neftçi"nin qış hazırlıq planı müəyyənləşib.
Bu haqda Fanat.Az-a "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev məlumat verib.
Paytaxt klubu dövrələrarası hazırlıq çərçivəsində Türkiyədə iki həftə təlim-məşq toplanışında olacaq: "Dekabrın 15-də Premyer Liqada son oyunumuz olacaq. "Qəbələ" ilə matçdan sonra komanda istirahətə buraxılacaq. Futbolçular yanvar ayının əvvəlində yenidən Bakıda toplaşacaq. Sonra Antalyaya üz tutacağıq. Sonradan dəyişiklik baş verməsə, Türkiyəyə yanvarın 10-da yollanmağı planlaşdırmışıq. Planda 3 yoldaşlıq görüşü nəzərdə tutulub. Rəqiblərlə müqavilələr bağlandıqdan sonra bu haqda məlumat verə biləcəyik. Yanvarın 25-də isə artıq Bakıya qayıdacağıq".
Qeyd edək ki, "Qarabağ" istisna olmaqla, digər Premyer Liqa klublarımızın qış hazırlıq planları hələ dəqiqləşməyib. Ağdam klubu da fasilə dönəmində Antalyaya yollanacaq. Bələk bölgəsinə üz tutacaq Qurban Qurbanovun komandası hazırlıq çərçivəsində 3 oyun keçirəcək ki, sınaqçı-rəqiblərdən biri Polşa "Slask"ı olacaq.
Mirağa