"Səbail"in aşağı yaşlılardan ibarət komandası dünən arzuolunmaz durumla üzləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun U-15 komandası İmişliyə səfər ərəfəsində avtobus gözləsələr də, gəlib çıxmayıb.
Belədə yeniyetmə futbolçular oyuna valideynlərin şəxsi maşınları ilə yollanıblar.
Faktı "Səbail"in rəqibi "Mil-Muğan"ın düşərgəsindən də təsdiqləyiblər: "Oyun saat 14:00-da başladı. Rəqib oyuna hardasa yarım saat qalmış gəlib çatdı. Artıq düşünməyə başlamışdıq ki, gəlməyəcəklər. Uşaqlar valideynlərin maşınına doluşub gəlmişdilər. Bizim kluba gəlincə, avtobusumuz var. Səfər oyunları zamanı heç bir problemlə qarşılaşmırıq. Klub uşaqlara hər cür şərait yaradıb".
"Səbail"in mətbuat katibi Mehriban Mürsəlova saytımıza açıqlamasında problemə aydınlıq gətirib: "Bəli, düz eşitmisiz. Təəssüf ki, elə problem yaşanıb. Komandanın ayırdığı nəqliyyat vasitəsində texniki nasazlıq baş verib. Uşaqlar yubanmamaq üçün valideynlərin şəxsi avtomobilləri ilə İmişliyə yollanıblar. Əsas odur vaxtında çatıblar və oyun baş tutub. Sevindiricidir ki, komandamız səfərdən qalib dönüb."
Qeyd edək ki, "Mil-Muğan" - "Səbail" oyunu 0:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Bakılıların U-15 komandası problemlərə baxmayaraq, AFFA-nın keçirdiyi liqada məğlub olmayan iki komandadan biridir və hazırda 2-ci pillədə qərarlaşıb.
Mirağa