Ötən həftə AFFA və Türkiyə Futbol Federasiyası (TFF) arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti seminar keçirilib.
TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunan seminarda Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri (28 nəfər), həmçinin “CBC Sport” telekanalının 7 operatoru iştirak edib.
Fanat.Az seminarda iştirak edən FİFA referisi Əliyar Ağayevdən təəssüratlarını öyrənib:
"Seminara 28 hakim yollanmışdı. Təlimi türk mütəxəssislər Barış Şimşek və Burçin Keskin, eləcə də AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik keçirdi. Onu deyim ki, Barış bəy Türkiyədə VAR-ın rəhbəridir.
Əvvəlcə onu deyim ki, bu, mənim üçün yenilik deyildi. Mən artıq UEFA-nın VAR-la bağlı təşkil etdiyi seminarlarda iştirak etmişəm. Türkiyədə belə desək, əvvəl keçdiyim dərsi təkrarladım. Hakim həmkarlarım üçünsə yenilik idi, xeyli material əldə elədilər. Hiss etdim ki, onlar üçün çox maraqlıdır. Məşqlərdə də, seminarda da, taktiki məşğələdə də böyük həvəslə işləyirdilər. VAR-la məşğul olmaq həm məcburidir, həm də vacibdir. Həm meydanda, həm də VAR-ın arxasında öyrənməli olan çox detallar var".
FİFA referisi VAR-ın tətbiqinin hakimlərimiz üçün üstünlüyü barədə də danışıb:
"Mən həmişə bunu deyirəm ki, VAR hakimlərdən çox, komandalara, futbolçulara yardım üçün yaradılmış proyektdir. Bu sistem əslində hakimin işini artırır. Yekun nəticədə buraxılmış kobud, aşkar səhə yenidən baxılıb qərar verilməsinə kömək edir. Təəssüf ki, hakim bəzən hansısa səbəbdən, ya mövqe səhvindən, ya epizoda uzaq qalması nəticəsində düzgün qərar vermir. Belədə şans yaranır ki, epizoda baxıb düzgün qərar verəsən. Təbii ki, belədə ədalət bərqərar olunur.
İlk vaxtlar müəyyən çətinliklərimiz olacaq. Bu, təkcə bizdə belə deyil. VAR-ın təzə tətbiq olunduğu ölkələrdə, Hollandiyada, İtaliyada nümunə var ki, epizoda 5-6 dəqiqə baxıblar. Amma indi daha çevik qərar verə bilirlər. Epizod var ki, 1 dəqiqəyə, hətta bir neçə saniyəyə aydınlıq gətirib oyunu bərpa edirlər. Ona görə ilk ildə çətinlik olacaq, bunu normal qəbul etmək lazımdır".
Əliyar Ağayev VAR-ın texniki həlli üzərində peşəkarların çalışdığını bildirib:
"Açığı, texniki detallar barədə dərin məlumatım yoxdur. Bu işlə peşəkarlar məşğuldur. Onu deyə bilərəm ki, bizimlə budəfəki seminara Azərbaycan Premyer Liqasının yayımını həyata keçirən "CBC Sport"un operatorları da getmişdi. Onlar da öyrəndilər, VAR otaqlarında oturub praktiki məşğələdə iştirak etdilər. Görüntüləri kanalın operatorları bizə ötürürdülər. Necə ki bizim üçün yenilikdir, onlar üçün də ilk təcrübədir. Hesab edirəm ki, kanalın əməkdaşları da təkmilləşəcəklər".
Qeyd edək ki, seminar noyabrın 30-u - dekabrın 2-si aralığında keçirilib.
Mirağa Mirzəyev