"Fasilə ərəfəsində son matçımız bizim üçün çox vacib idi. Çünki son sıralarda getmək istəmirdik".
Fanat.Az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov deyib.
41 yaşlı çalışdırıcı səfərdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIV tur oyunundan sonra qatıldığı mətbuat konfransında görüşü belə dəyərləndirib:
"Futbolçular bunu başa düşürdülər. Kubok oyunlarında da, indi də futbolçular çox qaçdılar. Xarakter göstərdik və qələbə qazandıq. Hələ təlim-məşq toplanışı barədə danışmamışıq. Qarşıdakı 2-3 gündə bilinəcək. Dəyişikliklər olacaq. Bəzi futbolçularla yolları ayırmaq fikrindəyik. Müqaviləsi bitən oyunçular var".
Baş məşqçi Anatoli Abanqla vidalaşmağa hazırlaşdıqlarını təsdiqləyib: "Abanqla bağlı istəmədən qırmızı vərəqə olayları oldu. Onun məvacibi də yüksək idi. Buna görə yollarımız ayrılacaq. Nicat Qurbanov və Con Kamara ilə isə müqavilə pozulacaq".
Qurbanov "Neftçi"dən icarəyə götürdükləri Rəhman Hacıyevin "Keşlə" üçün vacib oyunçu olduğunu söyləyib: "Onun komandada qalmasına çalışırıq, buraxmaq istəmirik. Məğlubiyyətlərdən sonra sarsılmışdı. Bunu daxildə həll etmək istəyirdik".