Azərbaycan Premyer Liqasında komanda sayı artsa, legioner limitinə baxıla bilər.
Fanat.Az-ın xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
İctimai Televiziyada yayımlanan "Bol idman" verilişinin qonağı olan qurum rəhbəri bildirib ki, hazırda yerli futbolçuların sayı azdır. Bu səbəbdən, PFL rəhbəri çempionatdakı limiti, ehtiyac olarsa, dəyişə biləcəklərini söyləyib:
"Klubların çoxu deyir ki, limit ləğv edilsin, kim neçə legioner istəyir, gətirsin-oynatsın. Bu, düzgün deyil. Gəlin, baxaq, bizim yerli futbolçular aldıqları pula layiq oynayırlarmı? Deyirsiniz ki, limiti dəyişək. Bundansa deyək ki, ay klub rəhbərləri, gəlin, yerlilərə verdiyiniz pulu endirək".
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında 8 klub mübarizə aparır. Qaydalara əsasən, onlar oyun vaxtı meydana 6 legioner və 1-i 21 yaşadək olmaqla, 5 yerli futbolçu buraxa bilərlər.