Antalyada təlim-məşq toplanışını davam etdirən "Neftçi"nin düşərgəsində baxışda olan panamalı hücumçu Ansoni Frias komandada qala bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir həftədir "ağ-qaralar"ın düşərgəsində yer alan gənc forvardın "Visla" (Plotsk) klubuna qarşı keçirilən yoxlama görüşündəki çıxışı məşqçilər korpusunu qane edib.
Bununla belə, Ansoninin bir müddət də sınanılması qərara alınıb. "Nefti"nin 21 yaşlı hücumçu ilə müqavilə imzalayıb-imzalamayacağı toplanışın sonunda dəqiqləşəcək.
"Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev bu barədə saytımıza bunları deyib: "Bildiyiniz kimi, Ansoni dünənki oyunda iştirak etdi. Panamalı forvardın məşqçilər korpusunun etimadını qazana bilib-bilmədiyi haqda nəsə demək tezdi. Onu deyə bilərəm ki, hələ də düşərgədədir və məşqləri davam etdirir".
Qeyd edək ki, Frias Panama "Alians"ının yetirməsidir. O, bu klubun heyətində 2021-ci ildə Panama klausurasında 7 oyuna çıxıb və 2 qol vurub.
Mirağa