Bu gün futbol ictimaiyyəti "Qarabağ"la "Neftçi"nin ifasında Azərbaycan derbisinə şahidlik edəcək. Son çempionla hazırki liderin qarşıdurması bir neçə aspektdən prinsipiallıq daşıyır. Bu baxımdan, Premyer Liqada qış fasiləsindən sonrakı ilk turda üz-üzə gələcək əzəli rəqiblərin duelinə maraq böyükdür.
Fanat.Az derrbi ərəfəsində təcrübəli mütəxəssislərdən Tərlan Əhmədovla söhbətləşib.
Görüşün favoriti kimdir?
"Prinsipial rəqiblərin qarşılaşmasında favorit göstərmək çətindir. Komandaların son durumu ilə bağlı onu deyə bilərəm ki, hər ikisi qış fasiləsindən sonra kubokdakı görüşündə inamsız təsir bağışladı. Həm "Qarabağ", həm də "Neftçi" zəif oynadı, onların ifasında baxımlı futbol izləyə bilmədik. Hətta deyərdim ki, "Keşlə" daha baxımlı, gözəgəlimli futbol sərgilədi. Daha istəkli idilər, qol epizodları da kifayət qədər idi. Üstəlik, "Keşlə"nin verilməyən penalti epizodu var idi. O cümlədən də "Neftçi" "Sabah"la oyunda imkanlarından çox zəif çıxış etdi. "Sabah" daha istəkli, daha yüngül görünürdü. "Neftçi"nin futbolçuları isə əksinə, ağır təsir bağışladılar. Bəlkə də yeni gələn futbolçular hələ uyğunlaşmayıblar. Bu fikirləri "Qarabağ"ın yeni transferlərinə də aid etmək olar. Amma çempionluğa oynayan komandalarda zaman məsələsi olmur, kiminsə alışması üçün uzun müddət gözləmirlər. Bir sözlə, kubokdakı oyuna əsasən "Qarabağ"la "Neftçi"nin son durumu haqda konkret fikir bildirmək olmur. Belə görünür ki, kim daha istəkli olacaqsa, daha az səhv edəcəksə, o da qalib gələcək".
Komandalar hansı oyun üslubuna üstünlük verəcək?
"Qarabağ"la "Neftçi"nin adı motivasiya olmaq üçün kifayət edir. Yeni gələnlər istisna olmaqla, hamı oyunun atmosferini yaşayıb, bilir. Ancaq baş məşqçilərin taktiki addımlarından da çox şey asılı olacaq. Kim kimə necə sürpriz hazırlayıb, bilmirik.
Bəllidir ki, "Qarabağ" tədricən hücuma üstünlük verir. Çox güman, yenə rəqibini topsuz qoymağa çalışacaq. Əsas mübarizə meydanın mərkəzində gedəcək. "Neftçi"nin mərkəzində əsaslı dəyişiklik olub. Sabir Buqrinlə Mamadu Kane qışda komandadan ayrılıb, Eddi İsrafilov gəlib. Yarımmüdafiənin cinahlarında isə hər iki komandada dəyişiklik baş verib, yeni oyunçular transfer edilib. Ancaq Eddi debüt matçında istənilən effekti vermədi. Belə görünür ki, yenə əsas yük Emin Mahmudovun üzərinə düçəcək. Ümumiyyətlə, "Neftçi" Eminlə Lavalın liderliyinə bel bağlayır. "Qarabağ"da isə belə futbolçular daha çoxdu. "Ağ-qaralar"ın əsas problemi yenə müdafiənin mərkəzi ilə bağlıdır. Stankoviç kimi bir mərkəz müdafiəçisi də alsaydılar, komanda daha inamlı təsir bağışlayardı. "Sabah" göstərdi ki, müdafiənin mərkəzində yenə eyni boşluqlar var".
"Qarabağ" qalib gəlsə, çempionluğun taleyi həll olunacaqmı?
"İntriqa baxımından əksəriyyət "Neftçi"nin qələbə qazanmasını istəyə bilər. Belədə bakılılar xal fərqini tək rəqəmə endirəcək. Bu, Samir Abasovun komandasında özünəinamı artıracaq. Xatırlayırsınızsa, ötən mövsüm də buna oxşar ssenari yaşanmışdı. Qış fasiləsindən dərhal sonra qarşılaşmışdılar, "Neftçi" "Qarabağ"ı 2:1 hesabı ilə üstələmişdi. Həmin qalibiyyət sonda "Neftçi"nin çempionluğunda əhəmiyyətli rol oynamışdı. Çünki bakılılar daha inamlı görünməyə başlamışdısa, "Qarabağ" həmin məğlubiyyətdən sanki sarsılmışdı. Bu dəfə də eyni ssenari yaşana bilər. Digər tərəfdən, "Neftçi"nin qələbəsi çempionatda intriqanı artıracaq. Artıq "Qəbələ" də "qızıl" yarışına qoşulacaq. Əslində, mövsüm təzə başlayanda çoxları "Qəbələ"nin uğurunu təsadüf adlandırırdı. Amma "Qarabağ"ı büdrədəndən, "Neftçi"dən xal alandan sonra onlara inanmağa başladılar. Bu gün 2-ci pillədə qərarlaşan "Qəbələ" sabit çıxış edir və ən əsası, liderlərdən xal ala biləcək gücdədir. "Sabah"la "Zirə" də mükafatlar uğrunda mübarizəni davam etdirir. Bir sözlə, "Qarabağ" bu gün qalib gəlsə, çempionluğunu böyük ölçüdə təmin edəcək. "Neftçi" qələbə qazanacağı təqdirdə isə çempionatda intriqa qızışacaq".
Mirağa