Bu gün Azərbaycan Premyer Liqasında XV tura start veriləcək. Mərkəzi görüş "Neftçi" və "Qarabağ" komandaları arasında keçiriləcək.
Fanat.Az əzəli rəqiblərin azarkeşlərinin prinsipial oyunla bağlı fikirlərini öyrənib:
İlkin Bayramov ("Forza Neftçi"): "Hər şey əladır. Yaxşı hazırlaşmışıq. Stadiona gedib sevimli komandamıza dəstək olacağıq. İnşallah, 3 xalı qazanıb sevinmək istəyirik. Adi oyunlarda necə dəstək veririksə, bu gün də elə olacaq. Bu mövsüm çempionluğa gəlincə isə, mümkünsüz heç nə yoxdur. Düşünürəm ki, hər şey öz əlimizdədir".
Elvin İbrahimov ("İmarət tayfa"): "Sonuncu dəfə böyük pankart açmışdıq. Bu gün isə xüsusi bir şey olmayacaq. "Neftçi"ni elə də ciddiyə almırıq. "Keşlə" və ya digər klublarla oyuna yanaşdığımız kimi bu matça hazırlaşmışıq. Amma qeyd edim ki, "Sabah"la oyunlarımıza daha çox diqqətlə yanaşırıq. Bu komanda ilə matçlara xüsusi hazırlaşırıq. "Neftçi"ni məğlub etdikdə isə sadəcə olaraq xüsusi həzz alırıq. Bu gün iş günün olmasına baxmayaraq "İmarət tayfa" hər zaman olduğu kimi "Qarabağ"a lazım olan dəstəyini verəcək. Çalışacağıq tribunada hər şeyin ən idealını edək.
Mövsümün sonuna qədər komandamızdan çempionluq gözləyirik. Buna inanırıq. Böyük ehtimalla "Qarabağ" bu mövsüm çempion olacaq. Bunun üçün klubumuzun kifayət qədər yaxşı formada olan heyəti var. Onsuz da hamı ötən ilin çempionluğunun necə olduğunu gözəl bilir. Bu il isə "Qarabağ"ın çempion olmayacağına inanmıram. Komandamız yüksək səviyyəli oyun nümayiş etdirir. Heç elə bil Azərbaycan çempionatının komandası deyil. "Real Madrid"lə belə qarşılaşsa, "Qarabağ" öz oyun üslubunu qoruyub saxlayır. Əminik ki, hər bir matçda komandamız qalib gələcək. Hətta hansısa oyunda qol vura bilməsə belə, futbolçuların nümayiş etdiridiyi performansdan razı oluruq. Azarkeş olaraq içimizdə zərrə qədər belə şübhə yoxdur. Bu gün "Qarabağ" qalib gələcək. "Neftçi" bizim üçün əzilməyə layiq komandadır".
Xatırladaq ki, "Neftçi" - "Qarabağ" oyunu saat 19:00-da "Baksell Arena"da keçiriləcək.
Emin Şəmsiyev