Millimizin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli ötən həftənin şənbə günü Xorvatiya çempionatında debüt etdi. Start "11-lik"də yer alan və 59-cu dəqiqədə əvəzlənən azərbaycanlı futbolçu hazırda yerli fanatların da diqqət mərkəzindədir.
"Dinamo"nun radikal azarkeşlərindən olan Luka Markovinoviç Fanat.Az-a müsahibəsində Mahir barədə fikirlərini bölüşüb.
- Luka, Mahirin "Dinamo"ya gələcəyi xəbərini necə qarşıladınız?
- Düzünü desəm, böyük gözləntilərimiz yox idi. Elə indi də yoxdur. İstənilən gücləndirmə xoş qarşılanır, amma elə bir təəssürat yox idi ki, biz böyük bir ulduzu komandamıza cəlb etmişik. Əvvəlcə onun spirtli içkilərlə bağlı problemləri olduğu bildirilirdi. Sonra isə mətbuatda guya heç içməyən müsəlman olduğu yazıldı. Bir daha qeyd edim ki, elə böyük gözləntimiz yoxdur.
- Amma Varşava "Legiya"sına yeni gələndə yüksək nəticələr göstərirdi.
- Hazırda "Dinamo" Varşava "Legiya"sından daha yüksək səviyyəli oyun sərgiləyir. Rəqabət və səviyyə fərqi var. Qeyd etməliyəm ki, əsas qolçumuz pis vəziyyətdədir. Ona görə də Mahirin mütləq şansı olacaq.
- Sizcə, Mahir həmin şansı dəyərləndirə biləcək?
- "Dinamo"da rəqabət böyükdür. Çox oyunçular gəlib-gedirlər... Xüsusilə, əcnəbilərin özlərini sübut etməsi çətindir.
- Sizdən başqa azarkeşlər Mahirə necə yanaşır?
- Mən əvvəlcə Mahirə uğurlar arzulayıram. Deyərdim ki, o, çox da həvəsli deyil, amma bu, həm də o demək deyil ki, azarkeşlər onu sevmirlər. Mahir özünü göstərməlidir. Fanatlar hələ bilmirlər, onu sevimli oyunçu saysınlar, ya yox.
- Polşada olarkən mətbuata Mahirin alkoqollu içki ilə şəkili yayılmışdı. Bu, onun istirahət vaxtı idi və daha sonra onun içki içmədiyi bildirildi. Emreli Varşavada həm azarkeşlər, həm də mətbuat tərəfindən tənqid atəşinə tutuldu. Bu qara piar idi. Bəs Zaqrebdə oxşar hallar necə qarşılanar?
- Qətiyyən etiraz etmirəm (gülür)... Mənim ən çox sevdiyim futbolçular "əyyaşlar"dır. Burada belə hallar qabardılmır.
- "Dinamo"nun məşqlərini izləyirsiniz?
- Nadir hallarda. Çox vaxt məşqlər ictimaiyyət üçün qapalı keçirilir.
- Son olaraq Mahirlə bağlı nə deyərdiniz? Bəlkə hansısa müraciətiniz ola bilər?
- Mahir yaxşı oynasa, hamı onu sevəcək. Hər şey onun necə oynamasından asılıdır. Biz onun meydanda aktiv və cəlbedici olmasını gözləyirik. Bunu edərsə, əminəm ki, hədəflərinə çatacaq. Ümid edirəm ki, o, bizim üçün yaxşı transfer olacaq və bu il çempionluğu qazanmağımıza kömək edəcək. Yeri gəlmişkən, builki çempionat həmişəkindən daha maraqlıdır, çünki 4 klub titul uğrunda mübarizə aparır. Bu mövsüm liqamız həmişəkindən daha yaxşı görünür.
Emin Şəmsiyev