"İki güclü komanda qarşılaşdı. Hər ikisi yüksək yerlər uğrunda mübarizə aparır. Oyun yetərincə maraqlı alındı. İlk qolu biz vurduğumuz üçün üstünlük bizim tərəfimizə keçdi və qələbə qazandıq".
Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Eddi İsrafilov deyib.
O, evdə "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XX tur matçından sonra görüşü dəyərləndirib:
"Çalışıram ki, maksimumu verə bilim. Bu, uzun yoldur və burada sənə dəstək verən çox adam olmur. Sonda daha yaxşı nəticə göstərmək üçün çox çalışmalıyam".
Təcrübəli oyunçu 2 ildən sonra yenidən yığmaya çağırıldığını söyləyib: "Milli komandaya dəvət almışam. Çalışacağam ki, orada da əlimdən gələni edim və yığmaya köməyim dəysin".
Komandasının böyük hesablı qələbəsinə dublla töhfə verən 30 yaşlı yarımmüdafiəçi vurduğu qollara da toxunub: "Qolları qızıma həsr edirəm. Hazırda ancaq "Neftçi"nin uğurlarını düşünürəm. Uyğunlaşma dövrünü keçmişəm. İndi bütün fikrim komandamdadır".