Azərbaycan Premyer Liqasında 22-ci turun oyun cədvəlinin açıqlanması yubanır.
Fanat.Az-ın məlumatına görə, adətən bir həftə-on gün əvvəldən növbəti turun afişasını açıqlayan Peşəkar Futbol Liqası hələ də oyunların vaxtını və saatını elan etməyib. Bu da "Keşlə" - "Neftçi" görüşü ilə bağlıdır. Digər oyunların oyun saatları barədə şifahi də olsa, klublara məlumat verilib. Sonradan nəsə dəyişiklik olmasa, "Səbail" - "Qəbələ" görüşü 20:30-da, "Sabah" - "Zirə" matçı 17:00-da olmalıdır.
Əldə etdiyimiz məlumata əsasən, "Keşlə" məhz bu turdan etibarən “Şamaxı” adlanacaq. Komanda doğma meydanda ilk oyununu “Neftçi”yə qarşı keçirəcək. Qarşılaşmanın başlama saatı da böyük ölçüdə bəllidir. Oyunun aprelin 9-u saat 14.00-da keçirilməsi nəzərdə tutulub.
Məlumatı dəqiqləşdirmək üçün PFL-in Texniki İdman Departamentinin rəhbəri Elgiz Abbasova müraciət etdik. Qurum rəsmisinin açıqlaması belə oldu: “Çox güman, buna sabah aydınlıq gələcək. Bununla bağlı PFL-in rəsmi saytında məlumat veriləcək. Açılış mərasimi necə olacaq? Gəlin tələsməyək, bu barədə sabah danışarıq. Hələlik heç nə dəqiqləşməyib”.
Mirağa