Azərbaycan U-21 millisinin və Ukraynanın "Aleksandriya" klubunun 20 yaşlı yarımmüdafiəçisi Emil Mustafayevin Fanat.Az saytına müsahibəsi
- Emil, Ukraynada və ən əsası sənin yaşadığın bölgədə vəziyyət necədir?
- Hazırda ailəm Kropivintsk şəhərindədir. Ruslar bu şəhərin yaxınlığında olan müxtəlif obyektləri, o cümlədən hava limanını da raketlə vurublar. hazırda orada rusiya ordusu yoxdur. Vəziyyət yaxşıya doğru dəyişir. Elə mənim olduğum şəhər də sakitdir. Atışma baş vermir. Döyüşlərin qızğın getdiyi yerlərdə isə olmamışam.
- Müharibənin başlayacağını təxmin edirdinmi?
- Bizi psixoloji olaraq müharibənin başlayacağına hazırlayırdılar. Amma düzünü desəm, bunun baş verəcəyinə inanmırdım. 21-ci əsrdə, Ukraynada müharibə ... Təəssüf ki, bu baş verdi.
- Bildiyimizə görə hazırda "Aleksandriya"nın düşərgəsindəsən. Klubda vəziyyət necədir? Məşqlər keçirilir?
- Bəli, hazırda "Aleksandriya"nın düşərgəsindəyəm. Bir həftədir ki, bura gəlmişəm. Məndən başqa komandanın daha 16 üzvü buradadır. Məşqlərimiz davam edir. Özümüzü formada saxlayırıq. Çempionat hər zaman başlaya bilər. Odur ki, buna hazır olmalıyıq.
- U-21 millimizin son iki oyunu keçirildi, amma sizsiz... AFFA-dan sizinlə əlaqə saxlayan olmuşdu?
- Federasiyadan mənimlə əlaqə saxlanılmışdı. Dəvət də var idi. Sadəcə olaraq müharibəyə görə Azərbaycana gələ bilmədim. Növbəti oyunlara hazır olmaq və milliyə kömək etmək istəyirəm.
Emin Şəmsiyev