"Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Şamaxı" komandası ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXII tur matçından əvvəl klub televiziyasına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis onu narahat edən məqamlardan bəhs edib: "Son oyundakı bəhanələr yaşanmasın deyə, növbəti qarşılaşmaya tam fərqli, tam ciddi hazırlaşırıq. Bunlardan biri bəzi oyunçuların zədələri ilə bağlıdır. Onların matça hazır olub-olmayacağı sual altındadır. Nikbinik və motivasiyamız da yaxşıdır. Uzun fasilədən sonra "Zirə" ilə birinci oyuna çıxdıq. Nəticəni kənara qoysaq, oyun bizim üçün ürəkaçan olmadı. Bunları kənara qoysaq, hər şey şey yaxşıdır.
Mövsümün son dövrəsində xal itkiləri "Neftçi"yə baha başa gələ bilər. Bunları anlayırıq. Oyunçuların özləri də başa düşürlər ki, belə oyunla irəli getmək və nəyəsə ümid etmək olmaz".
Şamaxıya futbolun qayıtmasını çox gözəl hadisə kimi dəyərləndirən Abasov eyniadlı komandanın ilk oyununu məhz "Neftçi"yə qarşı keçirəcəyini fəxrlə vurğulayıb: "Eşitdiyimə görə, oyundan əvvəl də tədbirlər olacaq. Biz bundan sonra səfər oyunlarına alışmalıyıq. "Bakcell Arena" renovasiya ilə əlaqədar tezliklə bağlanacaq. Nəticədə oyunlarımızı bir müddət səfərdə keçirəcəyik. Bizim üçün necə çətindirsə, "Şamaxı" üçün də elədir. Onlar da bir gün əvvəl Şamaxıya gedəcəklər. Sanki ikimiz də səfərə gedirik və neytral meydanda oynayacağıq. Ən yaxşısı nədirsə, onu edib qayıtmağa çalışacağıq. Səfərlərin bizi yoracağına inanmıram. Ötən il də də belə halları yaşamışdıq".
Qeyd edək ki, aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlanacaq.