"Şamaxı"ın baş məşqisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində evdə "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Rəqibi və azarkeşlərimizi təbrik edirəm. İstəməzdim ki, onlar qarşısında uduzaq. Gələcəkdə tərəfdarlarımızı sevindirməyə çalışacağıq. Qol da vurduq, lakin rəqibin heyətində keyfiyyətli futbolçular çoxdur. Birinci hissədə pressinq tətbiq etdik. "Neftçi" ikinci hissədə daha istəkli, aqressiv olacaqlarını başa düşürdük. İkinci hissədə daha bir hücumçu buraxaraq, iki qol vurdular. Usta futbolçular imkanlardan yararlandılar. Oyunun sonlarında təşəbbüs bizdə idi".
Qurbanov komandanın daim Şamaxıda qalacağını bilmədiyini söyləyib: "Gələcəkdə necə olacağını bilmirəm. Ola bilər ki, bir neçə gün əvvəl gəlib burada məskunlaşaq".