Zaqreb "Dinamo"su Xorvatiya çempionatının 30-cu turunda "Riyeka" ilə Rujevitsadakı görüşdə geridönüş edərək mühüm qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, ilk hissədə qapısında top görən paytaxt təmsilçisinin bərabərlik qolunu 79-cu dəqiqədə Azərbaycan millisinin üzvü Mahir Emreli vurub.
86-cı dəqiqədə daha bir dəfə fərqlənən qonaqlar 2:1 hesablı zəfər sayəsində ağır səfərdən 3 xalla dönüb.
"Dinamo"nun rəsmi "Facebook" səhifəsində bir neçə xorvatiyalı azarkeş Mahir barədə fikirlərini bölüşüb:
"Bu səhər düşündüm ki, Emreliyə çiçəkləmək üçün şans vermək lazımdır. Günəşin şüasını saçması üçün onun qarşısını buludlar almamalıdır. Yaxşı, intuisiyam məni aldatmadı".
"Kopiç, əsas heyətdən Qojak və Petkoviçi çıxart! Qoy onların yerinə Mahir oynasın"
"Bu adamın (Mahir) komandaya yaxşı uyğunlaşması üçün daha çox oynaması lazımdır. Petkoviç isə onu ehtiyatda saxlayır".
"Nəhayət, Emreliodan fayda gəldi".
"Sürətlidir, sol ayağı əladır, gözəl zərbə endirdi! Yaxşı hazırlığın bəhrəsi olacaq".
"Bravo, Emreli, sol ayağın qızıldır".
Xatırladaq ki, "Dinamo" növbəti oyununa aprelin 15-də Bakı vaxtı ilə saat 20:00-da çıxacaq. Zaqreblilər Xorvatiya çempionatı çərçivəsində doğma meydanda "İstra" klubunu qəbul edəcək.
Emin