Növbəti mövsüm Premyer Liqada iştirakla bağlı AFFA-nın Lisenziyalaşdırma Komitəsinə müraciət edən iki klubdan biri "Turan Tovuz"dur.
Tovuz klubunun İdarə Heyətinin sədri Oqtay Abdullayevin Fanat.Az-a verdiyi açıqlamaya görə, bütün meyarlar üzrə sənədlər quruma təqdim olunub:
"Bütün sənədləri təqdim etmişik. İndilik hər şey qaydasında gedir. AFFA qəbul edib, yoxlayır. Lisenziya tələbinə uyğun olaraq bildirmişik ki, klubun heç kimə borcu yoxdur. Əsas meyarlardan biri budur. Bundan başqa, klubda nə qədər adam işləyir, uşaq futbolunda neçə yaş qrupu üzrə komanda fəaliyyət göstərir, məşqçilərin kateqoriyası varmı, infrastruktur yetərlidirmi və sair məsələlərin hər biri üzrə sənədlər hazırlanıb, AFFA-ya təqdim olunub. Əsas məsələlərdən biri də pulla bağlıdır ki, o da həll olunur. Sağ olsunlar, kömək edirlər. AFFA onsuz da maliyyə yardımı edirdi. Həmçinin Futbolun İnkişaf Fondu yaradılıb, ora vəsait toplanır. Fond tərəfindən iş aparılır, biz də sponsor axtarışındayıq. Əlimizi yanımıza salmamışıq. İnanıram ki, bu işlərin öhdəsindən gələcəyik və bu il "Turan Tovuz"u Premyer Liqaya qəbul edəcəklər".
"Turan Tovuz"un stadionunun örtüyü də dəyişdiriləcək. Klub rəhbəri bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla danışdıqlarını deyib: "Sationumuzun örtüyü 2013-cü ildə salınıb. Premyer Liqada iştirakdan danışırıqsa, sözsüz ki, meydança da tələblərə cavab verməlidir. Örtük yenisi ilə əvəz olunacaq. Elxan müəllimlə danışdıq, dedi ki, ot örtüyünün yenilənməsinə köməklik göstərəcəyik. Təbii qazon olmayacaq, yenə süni örtük salınacaq . Təbii örtüyü saxlamaq çətindir".
Mirağa