Xəbər verdiyimiz kimi, Region Liqasının 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Cəbrayıl" - "Energetik" qarşılaşması insidentlə yadda qalıb. Hakim idarəçiliyinə etiraz edən qonaq komandanın futbolçuları Rövşən Rəcəbovun üstünə hücum çəkərək onu döyüblər. Bu üzdən referi görüşün final fitini səsləndirməyib. AFFA-nın İntizam Komitəsi həftənin cümə gününə planlaşdırılan toplantısında olayla bağlı ölçü götürəcək.
Oyunda baş verənlər barədə fikirlərini öyrənmək üçün "Energetik"in prezidenti Ruslan Həmidovla əlaqə saxladıq. Klub prezidenti Fanat.Az-a açıqlamasında hakimi döyən futbolçuları komandadan kənarlaşdırdığını dedi:
"Dünəndən əsəbiyəm. Özümə gələ bilmirəm... Söz yox, futbolçularımdan narazıyam. Onlara haqq qazandırmıram. Etdikləri hərəkət "Energetik"in, Mingəçevirin adına, bütövlükdə Azərbaycan futboluna yaraşmadı. Qeyri-peşəkar davrandılar. Əsəblərinə hakim olmalıydılar. Ancaq belə hakimlik də olmaz axı. Rövşən Rəcəbov bizə qarşı tam qərəzli idi. Bizi yıxıb-sürüyürdü. Penalti vermədiyi epizod kulminasiyaydı. "Cəbrayıl" yaxşı komandadır, onların hakimin köməyinə ehtiyacı yoxdur. Niyə bu uşaqları sındırırsan? Həvəskar komandayıq, futbolçuların hərəsini bir yerdən gətirib oynadırıq. Üçünü oyun günü səhər tezdən işlədikləri zavoddan götürmüşəm. Gecə növbəsindən çıxıb ac-susuz oyuna gəliblər. Aralarında fəhlə, satıcı olanlar var. Çoxu pulsuz oynayır. Mingəçevir üçün oynayırlar. İlk oyunda stadiona 3-4 min azarkeş gəlmişdi. Belə komandanı da sındırarlar?
Bütün bunlar hadisəyə haqq qazandırmır. Hakim döyülübsə, buna görə cəza olmalıdır. Cümə günü İntizam Komitəsinin iclası keçirilməlidir. Nə cəza verəcəklərsə, qəbul edəcəyik. Hətta komitənin qərarını gözləmədən üç futbolçunu komandadan kənarlaşdırdım. Eləsi də var ki, videoya düşməyib, amma söyüş söydüyünə görə tənbeh eləmişəm. Kaş bunlar olmayaydı, olubsa, cəzasını çəkməliyik. Hakimi döyüblər, qələt ediblər. Hadisənin, eləcə də rəqib qapısına verilməyən penaltinin, bir sözlə, oyunun videoyazısını AFFA-ya göndərəcəyik. Qoy hakim haqqında da ölçü götürsünlər".
"Energetik"in prezidenti komandaya biganə münasibətdən də gileylənib: "Energetik" ənənəsi olan klubdur, azarkeşlər tərəfindən dəstək var. İnanın, bazarda satıcı işləyən, əlinə üç-beş qəpik pul gələn sıravi şəxslər tərəfindən də müəyyən köməklik olunur. Təəssüf ki, bu sözləri rayon başbilənləri, "Azərenerji" rəhbərliyi haqqında deyə bilmirəm. Maddiyat bir yana, heç arayıb mənəvi dəstək də olmurlar. Cəbrayılın, Füzulinin deputatları daim təmsil etdikləri rayonun komandalarının yanındadır. Bizim iki deputat var, heç biri komanda ilə maraqlanmır".
Mirağa