Bakının “Neftçi” klubunun sabiq prezidenti Aqil Paşayevin anadan olmasının 75 illiyinə həsr edilmiş yoldaşlıq oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda “Neftçi”nin veteranları ilə idman jurnalistləri qarşılaşıblar.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı keçirilən oyunda idman ictimaiyyətinin nümayəndələri, Premyer Liqada çıxış edən klubların əməkdaşları və media nümayəndələri iştirak ediblər.
AİJA-nın prezidenti Eldar İsmayılov “Neftçi”nin Azərbaycanın futbol tarixində oynadığı mühüm roldan danışaraq bildirib ki, A.Paşayevin rəhbərliyi ilə böyük uğurlara imza atıb, "ağ-qaralar" onun kluba rəhbərlik etdiyi 4 il ərzində Azərbaycan kubokunun qalibi olub.
Yoldaşlıq görüşü maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. “Neftçi”nin veteranları yoldaşlıq oyununa A.Paşayevin kluba rəhbərlik etdiyi dövrdə geyindiyi formada çıxıblar. Həmin dörd il ərzində “Neftçi” bütün ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib və yoldaşlıq oyununun da burada təşkil olunması rəmzi xarakter daşıyır.
A.Paşayevin xatirəsinə həsr olunmuş yoldaşlıq oyununda iştirak etməklə bağlı təklifi böyük məmnuniyyətlə qəbul etdiyini bildirən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib: “Neftçi”də çıxış etdiyim dövrdə A.Paşayevlə çox gözəl münasibətimiz var idi. Onun xatirəsinin yad olunması mənim üçün çox xoşdur. A.Paşayev kimi insanların xatirəsi həmişə onları sevənlərin yaddaşında silinməz izlər qoyacaq. Rusiyada legioner həyata yaşamağımda A.Paşayevin rolu çox böyük olub”.
Matç “Neftçi”nin veteranlarının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
A.Paşayev 1997-2001-ci illərdə “Neftçi”nin prezidenti vəzifəsini icra edib. Komanda bu dövrdə Azərbaycan kubokunun qalibi (1999-cu il) olaraq ölkəmizi UEFA kubokunda təmsil etmək hüququ qazanıb.