Azərbaycan Premyer Liqasının dördüncü dövrəsində uğursuz çıxış edən "Qəbələ"nin heyət problemi bitmək bilmir.
Fanat.Az-ın məlumatına görə, bölgə təmsilçisi "Zirə" ilə sabahkı oyuna da optimal heyətlə çıxa bilməyəcək.
Omar Hani zədəsini sağaldaraq məşqlərə başlasa da, Yaovi Akakpo eyni səbəbdən komandaya qoşula bilmir. Bu azmış kimi, komandanın aparıcı üzvlərindən olan Rövlan Muradov "Zirə" ilə prinsipial matçı buraxacaq. Ötən tur "Qarabağ"la oyunda sarı vərəqə alan yarımmüdafiəçinin çempionatdakı xəbərdarlıqlarının sayı 4-ə çatıb. Belədə o, avtomatik olaraq cəzalı duruma düşüb.
Qeyd edək ki, Rövlan Muradov "Qəbələ"nin heyətində 24 oyunda 3 qola imza atıb.
"Zirə" ilə matç sabah saat 17:45-də keçiriləcək.
Mirağa