Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. İclasda lisenziya üçün müraciət etmiş klubların sənədlərinə baxılıb və "Kəpəz"lə "Turan Tovuz"un yeni mövsümdə Premyer Liqada çıxışına "yaşıl işıq yandırılıb".
Fanat.Az Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadənin qərara münasibətini öyrənib:
"Təəssüratlarım çox yaxşıdır. Xoş hisslər keçirirəm. Qərb bölgəsi futbolu üçün əlamətdar gündür. Həm Gəncədə, həm də Tovuzda futbol çox sevilir. Sırf "Kəpəz"ə gəlincə, çoxdandır gözləyirdik ki, Gəncə futbolu yenidən Premyer Liqada olsun. Gəncə azarkeşlərini bu münasibətlə təbrik edirəm.
Qərar bu gün açıqlanıb. Üstəlik, hələ Birinci Divizion davam edir. Yaxında rəhbərliklə görüşüb danışacağıq. İlkin planlarımızı müəyyənləşdirəcəyik. Sözsüz, divizionda çıxış edən komanda ilə Premyer Liqada oynamaq çətin olar. İlk növbədə heyət üzvləri ilə bağlı seçimimizi müəyyənləşdirməliyik. Çünki "Kəpəz"də demək olar hamının müqaviləsi mövsümün sonunda başa çatır. Yəni bu uşaqlarla yolumuza davam edəcəyiksə, yeni müqavilə imzalanmalıdır. Heyət yenidən formalaşdırılacaqsa, ona uyğun büdcə formalaşdırılmalıdır. İndiki heyət üzvlərindən bir neçəsi Premyer Liqada da bizə kömək edə bilər və çox güman, onlarla yolumuza davam edəcəyik. Əslində cavan, perspektivli futbolçularımız da kənarda qalmayacaq. Onlar əvəzedici komandaya cəlb olunacaqlar. Yəqin ki, bu kimi suallara bir neçə günə aydınlıq gələr".
Mirağa