Növbəti mövsüm Birinci Divizionda çıxış edəcək komandalardan biri "Mingəçevir"dir. Bu mövsüm Region Liqasında mübarizə aparan "Energetik"in xələfi AFFA-nın İcraiyyə Komitəsinin ötən ayın sonunda verdiyi qərara əsasən, divizionda yarışacaq.
Komanda nisbətən daha güclü liqada oynamağa hazırdırmı? Ad dəyişikliyindən sonra struktur necə formalaşacaq? Baş məşqçinin adına aydınlıq gəlibmi? Heyətdə hansı dəyişikliklər olacaq?
Fanat.Az bu suallara "Mingəçevir"in İdarə Heyətinin sədri, keçmiş hakim Rövşən Əhmədovla aydınlıq gətirməyə çalışıb:
"Büdcə ilə bağlı məsələ hələ dəqiqləşməyib. Futbolun İnkişafı Fondunun rəhbəri Tural Piriyevlə Mingəçevirdə görüşmüşük. Onlar fonda toplanan ianələri kluba yönəldəcəklər. Bundan başqa, əlavə maliyələşmə mənbələri də axtarırıq. Mingəçevirdə imkanlı şəxslər var. "Energetik" Region Liqasında olanda ona dəstək olan şəxslər "Mingəçevir"ə də yardım edəcəklərinə söz veriblər. Başda Vüqar Qədimov olmaqla, bir neçə iş adamı "Energetik"in xərclərini qarşılayıblar. Düzdür, futbolçulara maaş verilməyib. Ancaq digər bütün xərclər onların yardımları sayəsində ödənilib. İdarə heyətində də iş adamları, imkanlı şəxslər yer alır. Birlikdə təşkilati məsələlərin həlli ilə məşğuluq. İnşallah, hər şey yaxşıya doğru gedir".
Əhmədov "Energetik"in rəhbəri Ruslan Həmidovun "Mingəçevir"də də təmsil olacağını bildirib:
"Energetik" "Mingəçevir"in varisidir. Təsisçiləri Şimal-Qərb Regional Futbol Federasiyası və "Energetik" klubudur". Ruslan Həmidov "Energetik" MMC-nin direktoru idi. O, "Mingəçevir"in rəhbərliyində də təmsil olunacaq. Çünki komandanı quran o olub, əziyyəti var. Əslində, "Energetik"in 70-80 faizi yeni komandada olacaq. Bundan başqa, digər klublarda mingəçevirli uşaqlarımız var, onları geri qaytarmağa çalışacağıq. Məsələn, "Kəpəz"də, "Zaqatala"da, "Turan Tovuz"da bizim futbolçular çıxış edir. Bunlara baş məşqçi məsələsi dəqiqləşəndən sonra aydınlıq gələcək. Hələlik, baş məşqçi məsələsi açıq qalır. Yaxında ona da aydınlıq gətiriləcək. Ümid edirəm ki, Mingəçevirə simsar, bələd olan bir mütəxəssislə anlaşacağıq. "Mingəçevir" iyundan fəaliyyətə başlayacaq".
Mirağa