"Qarabağ" Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu qeyd edib.
Fanat.Az xəbər verir ki, "Dreamland" qolf adasında təşkil olunmuş mərasimə klubun fəxri prezidenti və sahibi Abdulbari Gözəl, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl, digər rəsmi şəxslər, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın bütün üzvləri və jurnalistlər qatılıb.
Əvvəlcə çıxış üçün söz A.Gözələ verilib. Təəssüratlarını bölüşən fəxri-prezident artıq azad Qarabağı təmsil etdiklərini bildirib: "Bu gün bizim üçün qürurverici gündür. İki cəhətdən çox xoşbəxtik. Əvvəla ona görə ki, hər zaman azad Qarabağı təmsil etməyimizi istəyirdik. Cənab Prezident 44 gün ərzində bizi qələbəyə istiqamətləndirdi. Bir müəssisədə düzgünlük yoxdursa, uğur da olmaz. Qurban Qurbanov da saf niyyətlə "Qarabağ"ı çempion etdi. Çox xoşbəxtəm, futbolçulara salam deyirəm. Bizə çox gözəl günləri yaşadan bütün əməkdaşlarımıza təşəkkürümü bildirirəm.
Daha sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl klubun sahibinə 19 nömrəli forma hədiyyə edib.