Çempionatı sonuncu pillədə başa vuran "Səbail" heyətdə əsaslı dəyişikliklərə hazırlaşır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bayıl təmsilçisi "təmizləmə əməliyyatı"na legionerlərdən başlayacaq.
Belə ki, Premyer Liqa təmsilçisi hücumçu Nikolas Raysel, yarımmüdafiəçi Dmitrius Şimkus və müdafiəçi Camal Araqo ilə yollarını ayıracaq.
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev saytımıza açıqlamasında xəbərə belə aydınlıq gətirib:
"Çempionat mayın 21-də başa çatacaq və heyətlə bağlı planlarımızı ondan sonra açıqlayacağıq. Komandada dəyişikliklər etməyi planlaşdırırq. Amma indidən açıqlama vermək istəmirəm. Vidalaşacağımız futbolçuların adlarını ayın 21-dən sonra açıqlayacaq, yola davam etmək istədiklərimizlə isə danışıqlara başlayacağıq.
Camal, Raysel və Şimkusa gəlincə, onu deyə bilərəm ki, üçü ilə də müqavilənin müddəti başa çatır. Onlarla bağlı qərarı da "Sumqayıt"la oyundan sonra verəcəyəm".
Qeyd edək ki, "Səbail" Premyer Liqanın sonuncu - 27-ci turunda "Sumqayıt"la səfərdə qarşılaşacaq.
Mirağa