"Qarabağ" və "Neftçi" kimi iddialı klublarda çıxış etmiş Elvin Yunuszadə yenidən böyük futbola qayıdır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, son klubu "Şamaxı" olan, ancaq 2020-ci ildə keçdiyi anlaşdığı bu komandada forma geyinmək şansı qazanmayan 29 yaşlı müdafiəçi karyerasını "Kəpəz"də davam etdirə bilər.
Yunuszadə son bir ay ərzində Gəncə klubunun düşərgəsində olub. Bu barədə saytımıza açıqlama verən "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə bunları deyib: "Elvin bir müddət əvvəl məndən xahiş etdi ki, ona komandamızla məşq etməyə imkan yaradıb. Nədənsə, Bakı klublarında məşq etmək istəməmişdi. Mən də azərbaycanlı futbolçu olduğunu nəzərə alıb buna şərait yaratdım. Bu müddətdə Gəncədə məskunlaşıb məşqlərimizdə mütəmadi iştirak etdi, forma yığmağa çalışdı.
Ancaq bu, Elvinin bizdə oynayacağı anlamına gəlməməlidir. Daha doğrusu, indidən bu barədə nəsə demək üçün tezdir. Çünki bəzi məsələlərin həllini gözləyirik. Büdcə bəlli olmalıdır ki, ona uyğun hərəkət edək. Hətta öz oyunçularımıza da konkret nəsə deyə bilmirik, gözləmə mövqeyindədirlər. Bu ayın sonuna kimi dəqiqləşməlidir".
Mirağa