Mahmud Qurbanova tapşırılan "Səbail" heyəti formalaşdırmağa başlayıb. "Dənizçilər" artıq bir neçə futbolçu ilə danışıqları yekunlaşdırıb.
Fanat.Az-a bu barədə klubun icraçı direktoru Fərəc Əliyev məlumat verib:
"İlk növbədə son mövsümdə komandamızda çıxış edən futbolçularla danışıq aparırıq. Adil Nağıyevlə yeni razılıq əldə olunub. Bundan başqa, qışda icarə əsasında Yunanıstanda legioner həyatı yaşayan Turan Manafovla da ortaq məxrəcə gəlmişik. Turanın müqaviləsinə yeni şərtlər əlavə olunacaq. Bu, həm müqavilənin müddəti, həm də digər şərtlərlə bağlı ola bilər. Hazırda Rahid Əmirquliyevlə danışıq aparırıq. Ədilxan Qarəhmədov hazırda U-21-in düşərgəsindədir. Qayıtdıqdan sonra onunla da danışacağıq".
"Səbail"in rəsmisi Polşa klubu "Visla Plotsk"da çıxış edən milli üzvü Anton Krivotsyukla maraqlanmadıqlarını bildirib. Fərəc Əliyev həmçinin, Aftandil Hacıyevin rəhbərliyi altında çıxış edən legionerlərlə birdəfəlik vidalaşdıqlarını vurğulayıb.
Bayıl təmsilçisi növbəti mövsümün hazırlıqlarına iyunun sonunda başlamağı planlaşdırır.
Mirağa