Region Liqasının son çempionu "Cəbrayıl"ın baş məşqçisi və təsisçisi Cavid Hüseynovun "Neftçi" klubunun 19 yaşlılardan ibarət komandasını çalışdıracağı barədə məlumat vermişdik.
33 yaşlı mütəxəssis bu barədə Fanat.Az-a danışıb:
"Düzdür, danışıqlarımız baş tutub. Bu yöndə "Neftçi" tərəfindən mənə müraciət olunub. Amma hazırda heç bir rəsmi razılaşma mövcud deyil. "Cəbrayıl" klubunun UEFA Region Kubokundakı çıxışını uğurla başa vurması əsas hədəfimizdir".
Hüseynov klubdan ayrılacağı təqdirdə, "Cəbrayıl"ın aqibətinin necə olacağına da toxunub:
"Yenə qeyd edim ki, hələ heç bir qərar verməmişəm. Amma komandadan getsəm, sözsüz ki, baş məşqçi postumu etibarlı bir mütəxəssisə təhvil verəcəyəm. Nəzərinizə çatdırım ki, çalışdırıcı olaraq ayrılsam da, "Cəbrayıl"ın təsisçisi kimi qalıram. Odur ki, klub üzərində nəzarətim istənilən halda, olacaq.
Hazırki köməkçim Elhad Nəzirinin mənimlə gedib-getməyəcəyi sualına gəlincə, deyim ki, bu hələ dəqiq bilinmir. Klubdan kluba fərq var. Elə komanda var ki, köməkçi kimi öz namizədini təklif edir. Amma eləsi də var ki, baş məşqçinin öz seçiminə etibar etməyi üstün tutur. Bu məsələlər hamısı indilik sual altındadır".
Emin Şəmsiyev