"Sabah"ın növbəti transferi Azərbaycan millisinin üzvü Namik Ələskərov oldu.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümünü Türkiyənin “Bursaspor” klubunda keçirən 27 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı ilkin təəssüratlarını "Sabah"ın rəsmi saytı ilə bölüşüb:
“İstəkli və iddialı kluba gəldiyimi bilirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, “Sabah”ın uğurlarında böyük pay sahibi olum. Əsas hədəfim ilk növbədə klubumla çempionatda qarşımıza qoyulan hədəfə çatmaq və bununla yanaşı, şəxsi göstəricilərimi də inkişaf etdirməkdir”.
Namik həmçinin “Sabah” azarkeşlərinə də müraciət edib. O, klubun tərəfdarlarını stadiona səsləyib:
“Azarkeşlərə demək istəyirəm ki, oyunlarımıza gəlsinlər və bizi sona qədər dəstəkləsinlər. Biz futbolçular da meydandakı oyunumuzla bunun qarşılığını verməyə çalışacağıq”.
Qeyd edək ki, Namik Ələskərovla 3 illik müqavilə bağlanıb.
Emin