Azərbaycana gəlib-getmiş ən səviyyəli futbolçulardan birinin - Patrik Andradenin mövsümün sonunda "Qarabağ"dan ayrılması şübhəsiz ciddi itki sayılır. Hətta Kabo-Verde millisinin üzvünün 3 il formasını geyindiyi Ağdam təmsilçisindən Çempionlar Liqası ərəfəsində getməsi müəyyən bədbinlik yaratmışdı.
"Görəsən "Qarabağ"ın yeni "8 nömrə"si kim olacaq", "köhlən-atlar" 6 nömrəli futbolka ilə əsl "8"in nə demək olduğunu uğurlu şəkildə göstərən Patrikə vaxtında əvəzləyici tapa biləcəkmi" və buna bənzər suallar "Qarabağ"sevərlərin beyninə hakim kəsilmişdi. Artıq ağdamlılar Monteneqro millisinin yarımmüdafiəçisi Marko Yankoviçlə 3 illik müqavilə bağlayıb. Şübhəsiz, yetərincə tanınmış adlardan olan Yankoviçi həm avrokubok matçlarında, həm də daxili yarışlarda izləmək imkanımız olacaq. Bu gün üçün yalnız çoxsaylı videogörüntülər sayəsində müəyyən fikirlər səsləndirə, müqayisələr apara bilərik.
Daha gənc, daha ümidverici
Futbolda yaş amili kifayət qədər böyük rol oynayır. 29 yaşlı Andradenin karyerasının ən yaxşı dönəmini "Qarabağ"da keçirdiyi bəlli məsələdir. Məhz Azərbaycan təmsilçisində özünü yaxşı tərəfdən göstərə bildiyi üçün Kabo-Verde yığmasına dəvət alan Patrikin Qurbanovun rəhbərliyi altında yeni inkişaf mərhələsinə qədəm qoyduğu faktdır.
1995-ci ilin 9 iyul tarixində doğulan Marko əvəzləyəcəyi həmkarından daha gəncdir. Düzdür, monteneqrolu "Qarabağ"dan öncə də səviyyəli klubların uğurları üçün çalışıb. Məsələn, Serbiya "Partizan"ının yetirməsi Yunanıstan "Olimpiakos"una satılandan sonra Sloveniya "Maribor"unda icarədə olub, ardından geri qayıdaraq Belqrad təmsilçisinin əsas heyətində möhkəmlənib. Yarımmüdafiəçinin 2016-2019 aralığında Serbiyanın flaqmanında 68 oyuna çıxması (9 qol vurub) sıradan məqam deyil. Təbii, daha sonra 1,8 milyon avro qarşılığında keçdiyi SPAL-la A Seriyasında İtaliya nəhənglərinə qarşı mübarizə aparan Yankoviçin sözügedən ölkədə təcrübəsini inamla artırdığını, bir qədər də püxtələşdiyini söyləmək olar. Futbolçunun "Krotone"dəki qısa icarə dönəmini, Yerusəlim "Beytar"ından Təl-Əviv "Hapoel"inə aparan yolunu dərinliklərinə qədər incələmək ayrıca yazı mövzusudur. Ancaq görünən budur ki, qarşıdakı 3 ildə Yankoviç "Qarabağ" tarixinin ən yaddaqalan legionerlərindən biri statusunu qazana bilər. Bunu həm sözügedən futbolçunun oyun tərzinə, həm 26 yaşa qədər topladığı böyük təcrübəyə görə iddia etmək mümkündür. Həm də ən sadə məntiqlə, daha gəncdirsə, daha ümidvericidir.
Bəstəboy solaxayın zəif cəhətləri də var
Solaxay Yankoviçin istər meydanı görmək, istərsə də kreativ ötürmələr vermək məharəti təqdirəlayiqdir. 172 santimetr boya malik monteneqrolunun hava mübarizələri zamanı zəif təsir bağışlaması isə təbii qarşılanmalıdır. Əslində Andrade də xüsusi fiziki göstəriciləri ilə fərqlənmirdi. Ancaq orta boylu kabo-verdeli belə desək, "ikinci mərtəbə"də öz toplarını 80 faiz hallarda götürə bilirdi. Bu mənada Markonun Patrikdən geri qaldığını söyləməyə məcburuq. Yankoviç Qurban bəyin güvəndiyi 4-2-3-1 düzülüşündə "6 nömrə" funksiyasını yerinə yetirən Qara Qarayevlə birlikdə yarımmüdafiənin mərkəzində yer almaq üçün transfer edilib. Belədə, "Qarabağ"ın rəqiblərinin ikinci zonaya daha çox hava ötürmələri göndərəcəyini proqnozlaşdırmaq asandır. Hərçənd çevik, yeri gəldikcə sağ ayağından da istifadə etməyi bacaran yeni futbolçunun üstünlükləri hesabına çatışmazlıqlarını sığortalamaq şansı da var. Onun necə təlimatlandırılmasından, oyunçudan nə tələb edilməsindən də çox şey asılıdır.
Uyğunlaşma vaxt aparacaqmı?
Yankoviç müxtəlif ölkələrdə oynamış futbolçudur və formasını geyindiyi komandalarda sabit oyun sərgiləyib. Bu məqamı əsas götürsək, adaptasiya sarıdan ciddi problem yaşamayacağını güman etmək olar. Digər tərəfdən, Markonun adaşı, həmyerlisi və millidəki komanda yoldaşı Veşoviç də "Qarabağ"dadır. Yəqin ki, onun Ağdam klubuna keçməsini şərtləndirən əsas amillərdən biri məhz Veşoviçin klub barədə verdiyi informasiyadır.
Bizə gözləmək qalır
Yazının girişində də qeyd etdiyimiz kimi, proqnozların öz əksini yaşıl meydanlarda tapıb-tapmayacağı zaman məsələsidir. Bunun üçün öncə Marko əsas heyətdəki yeri haqq etdiyini Qurbanova sübut etməli, Riçard Almeydanı ehtiyata göndərməli və bəzi qarşılaşmalarda vinger mövqeyində də işə yaradığını ortaya qoymağı bacarmalıdır. Bizlərə yenə də gözləmək qalır.
Nihat