Polşa mətbuatı bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində baş tutacaq "Lex" - "Qarabağ" oyunu ilə bağlı həyəcan təbili çalır. Meydan sahibləri Poznan təmsilçisinin hazırlıq dövründə buraxdığı səhvləri, həmçinin "Qarabağ"ın üstün cəhətlərini qabardır.
Fanat.Az "Sport.pl" portalının əməkdaşı David Şimçakın dəyərləndirməsini təqdim edir:
"Arzuların arxasınca qaçmaq"
"Lex"in məşqçiləri oyunçuları bu sözlərlə motivasiya edir. Lakin Poznanda onlar əsasən itirilmiş vaxtın arxasınca qaçırlar.
Avrokuboklara mümkün uğursuz start ondan başlayır ki, onlar transferlərdə gecikib. Komandanın heyəti əvvəlki mövsümdən daha kasaddır. Baş məşqçi isə cəmi iki həftədir gəlib. Bir sözlə, Polşa çempionuna ümidlər böyükdür, lakin şübhələr daha çoxdur.
"Zaqlebye" ilə son Ekstraklasa matçından altı həftə keçib. Hətta mövsümün son oyununu heç kim xatırlamır. O zaman sevinc rahatlıq hissinə qarışmışdı. Geridə qalan yeddi il çempionluqla şirinləşmişdi. Ancaq Poznan sakinlərinin sevinci uzun çəkmədi. Şəxsi səbəbləri əsas gətirən baş məşqçi Matsey Skorja başda olmaqla, komandanın bir çox lideri komandadan ayrıldı. Belədə, xaos başladı.
Yubanan baş məşqçi...
Niderlandlı Con van den Brom isə baş məşqçi kimi ilk məşqini iyunun 20-də, yəni hazırlığın doqquzuncu günündə, Skorjanın gedişindən iki həftə sonra və "Vidzev"lə ilk sparrinqin ardından (1:2) keçirdi. Onun "Lex"ə təyinatı ilə bağlı çoxlu xoş sözlər eşitsək də, gecdir. Van den Brom hazırda kollektivi tanımaq üçün izləyir və təhlil edir, lakin komandanın oyununda çox dəyişiklik yoxdur.
...və transferlər
"Lex" rəhbərliyi transferlərə də gec başladı. Düzdür, qapıçı Artur Rudko ilk məşqdən düşərgədədir. Ancaq o, Filip Bednarekdən üstün deyil, hazırda eyni səviyyədə görünürlər. Baxmayaraq ki, "Lex" başbilənlərinin niyyəti əsas qapıçı gətirmək idi.
Növbəti transferi iyunun 30-na kimi gözləməli olduq. Poznanda 22 yaşlı Afonso Sousiyə böyük ümid bəsləyirlər. O, Portuqaliya gənclər komandasının üzvüdür. Afonso yetirməsi olduğu "Portu"da uğur qazana bilməyib. Bir il əvvəl isə Portuqaliyada ən primitiv futbol oynayan "Belenenseş"ə üz tutdu və təşkilati problemlərlə üzləşən bu komanda mövsümü sonuncu başa vurdu. O, çətin ki, "Qarabağ"la oyunda komandaya kömək edə bilsin. Problem həm də ondadır ki, Afonso komanda yoldaşlarının adlarını belə, bilmir.
Giorgi Sitaişvilini Kiyev “Dinamo”sundan icarəyə götürən "Lex" ondan da bu qısa müddətdə çox şey gözləməməlidir. Ümumiyyətlə, Poznan klubunun indiyə qədərki transferlərini dəqiq qiymətləndirmək çətindir. "Lex" rəhbərliyi transfer bazarında daha cəsarətli fəaliyyət göstərsəydi, komandanı vaxtında gücləndirə bilərdi.
"Lex"in son durumu barədə az şey məlumdur. Onlar Opalenitsadakı məşqlərini gözdən uzaq meydançada keçiriblər. Hazırlıq prosesi azarkeşlər və jurnalistlər üçün bağlı olub, oyunçuların bütün diqqətini hazırlıqlara cəmləmək üçün müsahibə verməyə qadağa qoyulub. Bununla belə, dəqiqləşdirə bilmişik ki, məşqlər Skorjanınkı ilə müqayisədə daha qısa və intensivdir, topsuz qaçış yoxdur, kiçik və orta ölçülü oyunlar üstünlük təşkil edir. Məşqçi ötürmələri və mövqeləri mümkün qədər tez dəyişməkdə israrlıdır. Ancaq bu, yalnız ilk təəssüratdır. Van den Bromun hələ əsəbiləşmək imkanı olmayıb. Başqa sözlə, niderlandlı mütəxəssis çətin qərarlar qəbul etmək, ağrılı məğlubiyyətə dözmək məcburiyyətində qalmayıb...
"Lex" "Qarabağ"a həsəd apara bilər
Çünki bu komanda səkkiz ildir ki, hər mövsüm avrokuboklarda oynayır. Altı dəfə Avropa Liqasında, həmçinin bir dəfə Çempionlar Liqasında və bir dəfə Konfrans Liqasında qrup macəraları olub.
Ağdamı təmsil edən komandanın Avstriyada hazırlıq keçməsindən istifadə edən "Lex" öz müşahidəçisini ora göndərib. Məşqçilər faydalı məlumatla qayıdıblar. Bunlardan ən vacibi güclü pressinq və yüksək müdafiə qurmaqdır. “Qarabağ” ilk növbədə cinahlarda təhlükəlidir. Müdafiəçilərin arxasındakı boşluqdan istifadə edərək sürətli əks-hücumlarla azərbaycanlıları cəzalandırmaq olar. Polşa çempionlarının fiziki üstünlüyü də olacaq ki, bu da oyunun müəyyən hissələrində kömək etməlidir.
Baş məşqçi Qurban Qurbanov Krakov "Visla"sını, "Pyast"ı və Varşavanın "Legiya" komandalarını məğlub edib. O, on dörd ildir ki, komandaya rəhbərlik edir. Baş direktor Asif Əsgərov isə daha da uzun müddətdir - 18 ildir "Qarabağ"da işləyir. 2020-ci ildə "Legiya"nı 3:0 hesabı ilə məğlub edən 14 oyunçudan 9-u hələ də hazırki heyətdə yer alır. Bu, "Lex"in həsəd apara biləcəyi sabitlikdir".
Mirağa