Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev hazırlıq prosesini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar"ın çalışdırıcısı düşərgəni ziyarət edən və məşq prosesini işıqlandıran “CBC Sport” telekanalına açıqlamasında bunları deyib:
“İlk yoxlama görüşü göstərdi ki, komanda təzyiq altında düzgün oynamağa çalışır. İnanıram ki, həm Feras əsas heyətə cəlb olunduqdan, həm də Omar Hani kollektivə qoşulduqdan sonra oyun planında daha yaxşı olacağıq. Komandamıza yeni qoşulan oyunçunun uyğunlaşma ilə bağlı problemi olmayacaq. Çünki kollektivimiz onu yaxşı qarşıladı. Komandaya tam gücü ilə kömək etməsi üçün hamı ona öz dəstəyini verəcək".
Baxşıyev hücumçu axtarışında olduqlarını da vurğulayıb: “Hücumameyilli futbolçu ilə güclənsək, daha yaxşı olar. Çünki hücum xəttində sıxıntımız var. Bir neçə oyunçuya baxırıq. Bəzən onların tələbləri bizi qane eləmir, bəzən də bəyənməyimizə baxmayaraq, şərtlərimizlə razılaşmırlar. Bu, normal haldır”.
Qeyd edək ki, Türkiyədəki ilk yoxlama görüşündə “Qaziantep”ə 1:2 hesabı ilə məğlub olan “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq. “Qırmızı-qaralar” ayın 19-dək qardaş ölkədə hazırlığını davam etdirəcək.