Çempionlar Liqasının III təsnifat mərhələsini uğurla adlayan "Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" komandası ilə qarşılaşacaq.
Plzen klubu "köhlən atlar" üçün tanış rəqibdir. Qurban Qurbanovun komandası 2016-cı ilin yayında ÇL-in III təsnifat mərhələsində qarşılaşdığı "Viktoriya" ilə səfərdə 0:0, evdə 1:1 oynasa da, qitənin ən nüfuzlu turnirindən kənarda qalmışdı. Çexiya çempionu səfər qolu sayəsində mərhələni keçmişdi.
O vaxt "Qarabağ"ın heyətində çıxış edən Əfran İsmayılov Fanat.Az-a açıqlamasında "Viktoriya" barədə fikirlərini bölüşüb:
"Viktoriya" ilə 6 il əvvəlki oyunları yaxşı xatırlayıram. Çexlərə nə səfərdə, nə də evdə uduzmasaq da, mərhələni rəqib keçdi. Səfərdə qolsuz heç-heçə qeydə alınmışdı. Bakıdakı oyunda mərhələ keçməyə çox yaxın olmuşduq. Oyuna sonradan qoşulsam da, bir əla ötürməm olmuşdu. Top Miçelin ayağının altından keçib çölə çıxdı. Boş qapıya düşə bilmədi. Miçel həmin qolu vursaydı, pley-offa adlayacaqdıq. "Qarabağ"ın həmin heyəti də güclü idi. Səhv etmirəmsə, növbəti il komanda Çempionlar Liqasının qrupuna düşdü".
Hazırda "Kəpəz"də çıxış edən 33 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisinin yenidən həmin uğuru təkrarlamağa yaxın olduğunu deyib:
"Komandamız çox güclü təsir bağışlayır. Polşa, İsveçrə, Macarıstan çempionlarını bir-bir mübarizədən kənarlaşdırıblar. "Ferentsvaroş"la Bakıdakı oyun tam yaxşı alınmamışdı. Bu da obyektiv səbəblərlə bağlı idi. Əvvəla, ilk oyun idi, rəqibi tanımırdıq. Digər tərəfdən, heyətdə itkilər var idi. Kadi və Riçard cəza, Medina və Maksim zədə səbəbindən oynamadı. Belədə, həm yarımmüdafiənin, həm də müdafiənin mərkəzində məcburi dəyişikliklər oldu. Məncə, yenilərin uyğunlaşma problemi hiss olundu. Amma səfərdə həmin həyəcan arxada qaldı. Həm də Kadiylə Riçard sıraya döndü. "Qarabağ" Budapeştdə möhtəşəm oyun sərgilədi. Deyərdim ki, sərgilədiyi futbol top-komandaların oyununa bənzəyirdi. Bir sözlə, layiqli qələbə qazandılar.
"Viktoriya" keçiləsi rəqibdir. Düzdür, bura qədər gəlib çıxıbsa, sırdan komanda deyil. Arxayınlaşmaq, ciddiyə almamaq olmaz. Amma "Qarabağ" qrup mərhələsinə yüksəlməyi qarşısına hədəf qoyub. Ağdamlıların qrup təcrübəsi var. Düşünürəm ki, qrupa düşsələr, ordakı nəticələrini də yaxşılaşdıracaqlar. İndiki məqamda isə "Viktoriya"nı fikirləşmək lazımdır. İlk oyun Bakıda olacaq. Bildiyimə görə, son oyunla müqayisədə, heyətdə itki də yoxdur. İnanıram ki, "Qarabağ" Çexiya təmsilçisini Bakıda yenəcək. Ümumiyyətlə, iki oyunun nəticəsinə görə, komandamızın qalib gəlib qrupa adlayacağına əminəm".
Qeyd edək ki, "Qarabağ"la "Viktoriya"nın ilk görüşü avqustun 17-də Bakıda oynanılacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:45-də start götürəcək. Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa