"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat önünə çıxıb.
Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis futbolçularından razı qaldığını bildirib:
"Bu, onlar üçün böyük təcrübə oldu. Cavab görüşünə hazırlaşmalıyıq. Azarkeşlərimiz möhtəşəm idi. Hər birinə təşəkkür edirəm.
Gərgin oyun oldu. Hər iki komandada həyacan var idi. Düşünürəm ki, bu olmalı idi. Çünki hər iki tərəf bir-birini yaxından tanımırdı. Komandanı canlı hiss etmək tamam başqadır. Müdafiədən oynamağa həzz alan bir kollektivə qarşı mübarizə apardıq. Buna baxmayaraq, 3-4 qol epizodumuz oldu. Rəqib fiziki gücü yaxşı olan komandadır. Həm əks hücumlarda, həm də standart vəziyyətlərdə təhlükəli idi. Cavab matçında daha çox güc sərf etməliyik".