Çexiyada "Viktoriya"nın Bakını məğlub olmadan tərk etməsində əsas pay sahibi qapıçı Yindrik Staneki görürlər. Maraqlıdır ki, onu "Plzenli Dominik Haşek" adlandırırlar. Haşek Çexiyanın hokkey yığmasının əfsanəvi qapıçısıdır.
Fanat.Az xəbər verir ki, Stanek Bakıdakı oyundan (0:0) sonra Çexiya mətbuatına müsahibə verib:
- Oyun yadında necə qaldı?
- Qapıya səkkiz zərbə oldu, amma belə olacağını gözləyirdik. Nəticəyə sevinirik, bizim üçün qənaətbəxşdir.
- Hansı epizodu qeyd edə bilərsən?
- Yəqin ki, 6-cı dəqiqədəki təhlükəli vəziyyəti. Qapıya zərbə oldu, dəf etdikdən sonra yerə yıxılmağa belə vaxtım olmadı. Dərhal sıçrayıb ikincini qaytardım. Həmin andan konsentrasiya maksimum oldu.
- “Qarabağ” yüksək səviyyəli oyun nümayiş etdirdi?
- Matçdan əvvəl onların necə olduğunu bizdən bir neçə dəfə eşitmisiniz. Onların fərdi keyfiyyəti var, lakin digər tərəfdən bu, həm də komanda işidir. Yaxşı təşkil olunduqları görünürdü. Amma biz belə mübarizə gözləyirdik. İlk hissədə şansımız oldu, onlar topu qapı xəttindən çıxardılar. Lakin onların da çoxlu imkanları oldu. Nəticənin ədalətli olub-olmadığını bilmirəm, amma bu, bizim üçün mütləq əladır. Biz üzərimizə düşəni etdik.
- İsti sizə çox əziyyət verdi?
- Hava gözlədiyimdən yaxşı idi. Azacıq külək var idi. Problem havanın çox rütubətli olmasındadır. Amma uşaqlar fiziki cəhətdən yaxşı hazır olduqları üçün bu, bizə təsir etmədi.
- Kapitan Lukaş Heydanın itkisi revanş oyununda problem yarada bilərmi?
- Çox üzgünük. O, kapitanımızdır, ən yaxşı stoperimizdir. İnanıram ki, uşaqlar onu layiqincə əvəz edəcək.
- İkinci duel necə olacaq?
- Bilirsiniz ki, biz evdə bir az fərqli oynayırıq. Çətin matç gözləyirəm, keyfiyyət hər iki tərəfdə var. Tamaşaçılar üçün gözəl matç olacağına inanıram. Açıq oynaya bilmərik, bu dəlilik olar. Çünki rəqibin cinahlarında və hücum xəttində əla keyfiyyətə sahib oyunçuları var.
- Bakıdakı atmosferi necə, bəyəndiniz? Çempionlar Liqasının simvolik himni də səsləndirildi.
- Mən artıq Portuqaliyadan, Millətlər Liqasından yığma ilə təcrübə qazanmışam, o atmosferə öyrəncəliyəm. Buna görə bir növ soyuqqanlı idim. Amma onu deyim ki, himni səbirsizliklə gözləyirdim, bu, fantastik idi. İndi qrupa son bir addım atmaq lazımdı ki, bunu altı dəfə eşidək.