"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Şamaxıda eyniadlı komanda ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 49 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra qatıldığı mətbuat konfransında belə danışıb:
"Görüş ağır keçdi. Matçın əvvəllərində yaxşı oynamadıq. Düzdür, qol vurduq, amma komandada hərəkət az idi. 1 xal qazandıq. Daha yaxşı nəticə əldə edə bilərdik.
Dediyim kimi, uşaqlar ağır hərəkət edirdilər. Ona görə fasilədə əvəzetməyə əl atdıq və 3 nəfəri dəyişdik. Müdafiə yox, hücumda istədiyimizi ala bilmirik. Daha çox ön xətti fikirləşməliyik. Hücumameylli legionerlər hələ gözlədiyimiz oyunu sərgiləmirlər. Əslində onları oyunlarına baxıb götürmüşük. Düzdür, Qoba Zakpa məhsuldar ötürmə ilə yadda qaldı. Lakin hücumda oynayan əcnəbi futbolçuların potensialı daha böyükdür. Onlara güvənirik. İnanırıq ki, gələcək oyunlarda bizə kömək edəcəklər".
Qurbanov yeni transfer Petro Stasiuku müdafiə xətti üçün transfer etdiklərini bildirib: "İlk yarıda rəqibin sağ cinahı aktiv idi. Ona görə də Fakundo Kardozonu sağa çəkib hücuma daha çox qatılmasını istədik. Stasiuk ilk matçda işinin öhdəsindən gəlmədi. Yeni oyunçuların alınmasını istəyərik. Bəlkə bir hücumameylli futbolçu götürə bilərik. Əlimizdəki heyətlə davam edəcəyik".