“Qəbələ” Misli Premyer Liqasının 2022/23 mövsümünə ardıcıl üç qələbə ilə başlayıb. Beləliklə, "qırmızı-qaralar" tarixində ən yaxşı startın sevincini yaşayır. Komanda bunadək heç vaxt mövsümün ilk üç turunda 9 xal toplamayıb.
Bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev Fanat.Az-a açıqlamasında bu barədə fikirlərini bildirib:
"Təbii ki, qələbələrə hər birimiz sevinirik. Bu, klub olaraq gördüyümüz işin nəticəsidir. Amma əvvəldən uğurlu seriya barədə plan qurmamışıq. Sadəcə, hər dəfə daha çox qarşıdakı oyuna maksimum köklənməyə ehtiyac duyuruq. Deməzdim ki, uğur təqvimlə bağlıdır. Hər tur maksimum konsentrasiya olmalıdır ki, nəticə də olsun. Bundan başqa, bütün rəqiblərə qarşı meydanda mübarizə aparmaq, sona qədər döyüşmək önəmlidir".
42 yaşlı mütəxəssis növbəti oyunla bağlı da danışıb: "Növbəti turda "Sabah"la qarşılaşacağıq. Evdə oynayacağıq. Rəqibin gücü, oyun keyfiyyətləri ilə uzun-uzadı danışmaq istəmirəm. Məni öz komandam maraqlandırır. İstənilən halda, 3 oyuna 9 xal yığıblarsa, deməli iddialarını göstərmək fikrindədirlər.
Daha çox bugünkü hazırlığı, yəni bərpa məşqini düşünürük. Növbəti turdakı oyuna hazırlaşacağıq. Yenə deyirəm, məni öz yetirmələrimin hazırlığı, oyunu maraqlandırır. Komanda olaraq, daha da məzmunlu oynayacaq gücdəyik. Bunu edə bilsək, uğurlu nəticələr davamlı olacaq".
Qeyd edək ki, ilk üç turdan sonra 9 xalla liderlər mövqeyində qərarlaşan "Qəbələ" IV turda - ayın 28-də "Sabah"la qarşılaşacaq.
Mirağa