"Araz Naxçıvan" I Diviziona qayıdışını böyükhesablı qələbə ilə qeyd edib. Naxçıvan təmsilçisi 2022/2023 mövsümünün açılış turunda "Qarabağ-2" komandasına 5:1 hesabı ilə qalib gəlib. Doğma meydanda baş tutan görüşü 2700 azarkeş izləyib.
Fanat.Az komandanın baş məşqçisi Azər Bağırovun start təəssüratlarını öyrənib:
"Açığı, açılış turu olmasına görə bir az həyəcan var idi. Bunu gizlətməyə dəyməz. Yeni komanda, doğma meydan, ilk oyun. Doqquz ildi Naxçıvanda böyük futbol yox idi. Azarkeşlər stadionun bir tərəfini tam doldurmuşdular. Hamı komandadan yaxşı oyun gözləyirdi. Uşaqlar da bunu bilirdilər, ona görə həyəcanlı idilər.
Oyuna gəlincə, şükürlər olsun ki, Ərzurum toplanışının təsirini elə debütdə gördük. İnşallah, bunun davamının gələcəyini, oyundan oyuna daha yaxşı səviyyəyə qalxacağımızı düşünürəm və belə qələbəni təsadüfi deyil, gördüyümüz işin bəhrəsi hesab edirəm. Hesab heç kimi çaşdırmasın, "Qarabağ" da yaxşı komandadır. Heyətlərində millinin üzvləri var. Çox perspektivli futbolçulara sahibdilər. Sadəcə, bizdə hər şey alındı. İlk dəqiqələrdən üstünlüyü ələ keçirdik və bunda azarkeşlərimizin rolunu, dəstəyini xüsusi qeyd edərdim".
Pro kateqoriyalı çalışdırıcı 5 qoldan 3-nə imza atan legionerlərlə bağlı fikirlərini də bölüşüb: "Fil Dişi Sahilindən olan hücumçu De Saboa İv Lüsyen dubl etdi, həmçinin, türkiyəli müdafiəçimiz Ege Atlam matçda hesabı açdı. Bu o deməkdir ki, legionerlərimiz artıq uyğunlaşma prosesini geridə qoyublar. Bunda yerli uşaqların, klubda çalışanların əməyini vurğulamaq lazımdır. Sağ olsunlar, onlara legioner olduqlarını hiss etdirməyiblər. Məni o da sevindirdi ki, qollardan 2-ni yerli uşaqlar vurdular".
"Araz Naxçıvan" növbəti turda səfərdə "İmişli" ilə qarşılaşacaq. Bağırov qarşıdakı oyuna ciddi hazırlaşacaqlarını deyib: "İmişli" haqqında geniş məlumata sahib deyiləm. Amma rəqibi təhlil edəcəyik. Qarşıdakı oyuna ciddi hazırlaşacağıq".
Mirağa