Azərbaycan I Divizionunun 2022/2023 mövsümünün ilk turunda “Araz Naxçıvan” doğma meydanda “Qarabağ-2” komandasını qəbul edib və 5:1 hesabı ilə qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, Naxçıvan klubunun rəsmi saytı açılış turundakı oyunla bağlı maraqlı statistika təqdim edib:
- Bu, “Araz Naxçıvan”nın çıxış etdiyi çempionatların (peşəkar liqaların) ilk turunda qazandığı 7-ci qələbədir: “Araz” – “Meteor Moskva” 2:0 (1970, “B” sinifi, II zona, II yarımqrup), “Araz” – “Kolxeti-Poti” 1:0 (1985, II dəstə, IX zona), “Şirak Leninakan” – “Araz” 1:2 (1986, II dəstə, IX zona), “Şahdağ Qusar” – “Araz” 0:1 (1990, II dəstə, III zona, 1-12-ci yerlər), “Dinamo-Bakılı” – “Araz” 2:4 (2001, Yüksək dəstə, I mərhələ), “Turan” – “Araz” 1:2 (2013, Azərbaycan I Divizionu), “Araz” – “Qarabağ-2” 5:1 (2022, Azərbaycan I Divizionu).
- 1968-ci ildən bugünədək təşkil edilən çempionatların (peşəkar liqaların) digər ilk turlarında isə “Araz” (Naxçıvan) keçirdiyi 16 qarşılaşmanın 3-də meydanı “sülh”lə tərk etdiyi halda, 13 görüşdə məğlub olub.
- Bu, həm də “Araz Naxçıvan”ın doğma arenada qazandığı üçüncü 5:1 hesablı qələbədir. Bugünədək “qırmızı-ağlar” 1984-cü ildə “Avtomobilçi” (Mingəçevir, II dəstə, IX zona) və 1988-ci ildə “Yangiyer” (Özbəkistan, II dəstə, VII zona) komandaları üzərində eynihesablı qələbə qazanıb.
- 1970-ci ildə “Terek” (Qroznı), 1977-ci ildə “Dila” (Qori), 1978-ci ildə “Şirak” (Leninakan), 1980-ci ildə “Avtomobilçi” (Mingəçevir), 1989-cu ildə “Spartak” (Əndican) və 2000-ci ildə “Şəmkir” komandaları ilə görüşlərdə isə “Araz” 1:5 hesabı ilə məğlub olub.
- “Qarabağ-2” ilə oyun “Araz Naxçıvan”ın tarixində bütün liqalar daxil olmaqla, (2014-2015-ci illər mövsümü istisna olmaqla) 880-ci görüşü idi (SSRİ çempionatları – 676 oyun, Azərbaycan çempionatları – 73 oyun, Naxçıvan Region Liqası – 125 oyun, Region Liqasının final mərhələsi – 6 oyun). Bu oyunların 358-də qələbə qazanan “Araz Naxçıvan”, 127 görüşdə meydanı “sülh”lə tərk edib. 395 qarşılaşmada isə məğlubiyyət acısı dadıb.