Birinci divizionun debütantlarından olan "Mingəçevir" çempionata inamlı başlayıb. Azər Həşimovun baş məşqçisi olduğu komanda açılış turunda "Neftçi"nin əvəzedici komandasını qəbul edib və 4:1 hesablı darmadağına imza atıb.
Komandanın baş məşqçisi Azər Həşimov Fanat.Az-a verdiyi açıqlamada ilk oyunla bağlı təəssüratlarını bölüşüb:
"29 apreldən - Mingəçevirə böyük futbolun qayıtdığı elan olunan gündən bu yana hamı sevinc içərisində idi. Hamı intizarla çempionatın startını gözləyirdi. Hətta yoxlama oyunlarımıza maraq böyük idi. Hazırlıq müddətində 6 yoxlama görüşü keçirtdik ki, onun üçü Mingəçevirdə baş tutdu və evdəki oyunlara 1000-1500 azarkeş gəlirdi. "Neftçi-2" ilə oyunda isə stadionda rəsmi 3200 azarkeş var idi. Halbuki fikrimcə, rəqəm 3500-dən artıq idi.
Futbolçulara başa salmışdım ki, oyuna maraq böyükdür, onları üzgün yola sala bilmərik. Sona qədər mübarizə aparmağı tapşırmışdım. Amma açığı, gözlədiyimdən də yaxşı oyun alındı və belə inamlı qələbə əldə olundu".
37 yaşlı mütəxəssis debütdə güclü komandalardan biri üzərində qazanılan böyükhesablı qələbənin "Mingəçevir"in potensialından xəbər verdiyini deyib: "Əlbəttə, komandanın potensialı var. İlk oyunda belə oynamışıqsa, inanıram ki, tədricən artırıb daha yaxşı nəticələr əldə edə bilərik. Amma ilk oyuna arxalanmaq, o günlə yaşamaq olmaz. Şübhəsiz, səhvlər var, onları analiz edib futbolçulara başa salacağam.
Rəhbərlik qarşımıza divizionda yerimizi qorumaq və ya ilk "7-liy"ə düşmək tapşırığı qoya bilər, amma mən yetirmələrimdən daha artığını tələb edəcəyəm. Dediyim kimi, komandamın potensialı var. Əsas məqsəd isə hər oyuna döyüşmək, azarkeşlərin zövqünü oxşayacaq futbol sərgiləməkdir. Mənim fəlsəfəmdə topu hara gəldi vurmaq yoxdur".
Həşimov "Neftçi-2" ilə oyunda het-tirk edən Sahil Həsənovdan çox şey gözlədiyini deyib: "Onu "Qəbələ"dən tanıyıram. Mən orda işləyəndə, Sahil U-16-da idi. Sonra "Sabah"a getdi. 2004-cü il təvəllüdlüdür, yarımmüdafiəçidir. Perspektivli uşaqdır, onu bəyənib komandaya götürmüşəm. Komandaya faydalı olacağına inanıram. Ümumiyyətlə, limitə düşən uşaqlara deyirəm ki, bu fürsətdən yararlanın".
Gənc çalışdırıcı növbəti turda onları çətin rəqib gözlədiyini bildirib: "Ayın 30-da səfərdə "Zaqatala" ilə qarşılaşacağıq. Qışda, hələ Region Liqasında oynayarkən onlarla yoxlama görüşü (0:0) keçirmişdik. Ümumiyyətlə, "Zaqatala"ya bələdəm, döyüşkən komandadır və həmişə əzmkar oyun sərgiləyirlər. Baxmayaraq ki, MOİK-ə 0:2 uduzaraq mövsümə məğlub başlayıblar. Xüsusilə ev oyunlarında təslim olmağı sevmirlər. Çalışacağıq ki, səfərdən maksimum nəticə ilə dönək".
Mirağa