Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında - Çexiya çempionu "Viktoriya" ilə ikinci görüşdə 1:2 hesabı ilə uduzaraq qrupa düşə bilməyən "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev böyük səhvlə yadda qaldı. Azərbaycan millisinin dağıstanlı qolkiperinin belə məsul görüşdə çıxışda uğursuz oynaması hesabın bərabərləşməsinə yol açdı və möhtəşəm uğurun biraddımlığında olan ağdamlıların oyun düzənini pozdu.
Sonrası bəllidir... Plzen təmsilçisi doğma publika önündə daha bir kuryoz qola sevinərək azərbaycanlı azarkeşləri üzüntülərə qərq etdi... İsti başla "Qarabağ"a və Şahruddinə qarşı tənqidi fikirlər səsləndirən azarkeşləri anlamaq çətin deyil. "Qırmızı xətt"i keçib təbiyəsizlik edənləri nəzərə almasaq, tərəfdarların sarsıntısı başadüşüləndir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun və baş direktoru Əmrah Çəlikəlin görüşün ardından Məhəmmədəliyevi dəstəkləməsi isə sadəcə, örnək statusu daşıyır. Qeyri-futbol ölkəsini böyük futbol müstəvisində dünyaya tanıtmaq missiyasını boynuna götürən camiənin bütün uğurlarının təməlində məhz bu birlik, bu ailə ab-havası dayanır. Zatən, başqa cür olsaydı, bu klubun adı "Qarabağ" olmazdı.
Çexiyadakı matç geridə qalıb. İrəli baxmaq zamanıdır. Dünənlə yaşamayan Ağdam təmsiçisi Avropa Liqasında mübarizəyə hazırlaşır. Şahruddinli "Qarabağ"ın püşkatmada ikinci səbətdə yer alması ölkə futbolu adına daha bir ilkdirsə, sözügedən turnirdə indiyədək görmədiyimiz nəticələrə imza atmaq şansı yeni üfüqlər deməkdir. "Köhlən atlar" qrupdan çıxa, daha da irəli gedə, qitəmiqyaslı turnirlərdə bir mövsümdə vurduğu özünəməxsus qol və qələbə rekordlarını yeniləyə və daha çox iş görə bilər.
Artıq ağdamlıların AL-dəki rəqibləri də bəllidir. Azərbaycan çempionu "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"la birlikdə C qrupunda yer alıb. "Qarabağ"ın baş məşqçisinin bu komandalarla matçlarda milli futbolçularımızdan yalnız Şahruddinə deyil, Bədavi Hüseynov, Qara Qarayev, Bəhlul Mustafazadə, Toral Bayramov, Emin Cəfərquliyev, Abbas Hüseynov, Musa Qurbanlı, Filip Ozobiç, Riçard Almeydaya güvənəcəyi şübhə doğurmur. Təcrübəlilər öz yerində, gənc yığma üzvləri üçün bu matçların nə demək olduğunu yenidən izah etməyə çalışmaq uzunçuluq sayılar.
Şübhəsiz, azərbaycanlı futbolsevərlərin güvən yeri AL-də keçirdiyi ilk uğurlu görüşün ardından Plzendəki qarşılaşmadan qalan incikliklər unudulacaq. Bu gün "Ağdam təmsilçisi Şahruddini göndərməli, Qurban Qurbanov başqa qapıçı gətiməlidir", "Qarabağ"a daha bir legioner hücumçu və əcnəbi mərkəz müdafiəçisi lazımdır", "Qurban Qurbanov daha ucaboy futbolçulara güvənməlidir" və buna bənzər qeyri-peşəkar fikirlər səsləndirənlər növbəti məğlubiyyətə qədər susacaq. Bəli, futbol belədir. Bu idman növünün fəlsəfəsini dərindən anlamayanlar üçün böyük ölçüdə nəsə dəyişməyəcək. Yenə uğurlu qarşılaşmaların ardından təriflər yağdıracaq, yenilgilərdən sonra ağız büzəcək, səhvə yol verəni qaralayacaqlar. Əlbəttə, sadalananları bir-bir bütün futbol həvəskarlarına, sosial şəbəkə istifadəçilərinə başa salmaq mümkünsüzdür. Amma Azərbaycan futbolu, ölkənin idman şərəfi, milli və mümkün olandan artığını edən "Qarabağ" naminə reallıqla hesablaşmaq, suları bulandırmaq üçün məqam axtaranların əlinə fürsət verməmək çox vacibdir. Avropa macərasına davam!
Fanat.Az