"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VI turunun oyunundan - evdə "Sabah"a 4:3 hesabı ilə qalib gəldikləri matçdan sonra ənənəvi mətbuat konfrasına qatılıb.
Fanat.Az xəbər verir ki, 50 yaşlı çalışdırıcı belə danışıb:
"Belə oyunların bitməsini istəmirsən. Meydanda əsl futbol var idi. "Sabah"a ancaq alqış düşür. Qarşımızda istəkli komanda var idi. Oyunçularımı da təbrik edirəm. Çox əziyyət çəkdilər.
Azarkeşlər bu gün əsl futbol gördülər. Sürət, dinamika, hücumlar və qollar var idi. Nəticə öz yerində, ümumi oyundan razı qaldım. "Sabah" çəkinmədən mübarizə apardı. Hücum etməyə çalışırdılar. İkinci qoldan sonra futbolçuların emosiyaları həddindən artıq idi. Çox sevindilər. Oyunun ritmi bir qədər itdi. Bizim futbolçular mövqe dəyişikliklərinə öyrəşənədək rəqib vəziyyətdən istifadə etdi. Oyun elə idi ki, hər nəticəyə həm hazır, həm də razı idim. İstənilən nəticə ola bilərdi".
Qurbanov ikinci penalti epizodundan sonra oyunçularına etiraz etməsinin səbəbini deyib: "Həmin an tez sevinirdilər. Penalti hələ vurulmamışdı. Ona görə belə reaksiya verdim.
Baş məşqçi hakimlik haqqında da danışıb: "Onlar üçün ən çətin matçlardan biri idi. Hər iki tərəfə qarşı səhvlər var idi və oyunun gedişatına görə idi. Bunlara səhv demək də olmaz".
Mütəxəssis Bədavi Hüseynovun Fransa "Nant"ına qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçında oynamaq ehtimalının olduğunu açıqlayıb: "Bədavi Hüseynovun durumu ciddi deyil. "Frayburq"la görüşdən sonra əzələsində ağrı hiss etdi. Onunla bağlı risk etmək istəmədik. Digər oyunçuların daha çox sağlam olması üçün bu cür heyətlə meydana çıxdıq. Bəhlul Mustafazadə özünü yaxşı hiss etsə də, onu əvəzlədik. Futbolçular qısa vaxt ərzində çox matç keçirəcəklər. Bu səbəbdən oyunçuların sağlamlığını düşündük. Sabah və ya növbəti gün dəqiq bilinəcək".