"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının VII turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:
"Son günlər ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizə Allah rəhmət eləsin. Bilirdik ki, bizi ağır oyun gözləyir. Üç matçda uduzsaq da, bu gün daha yaxşı çıxış edəcəyimizə inanırdıq. İstədiyimizi meydanda görə bildik.
Matçın sonları bir az stressli keçdi. Qırmızı vərəqədən sonra fikrimizi daha çox müdafiəyə yönəldi. Komandanı təbrik edirəm. Əzmkar və layiqli qələbə qazandıq. Belə epizodlar qırmızı vərəqə ilə dəyərləndirilirsə, sözüm yoxdur. İkili mübarizə idi. Futbolçu tullanırsa, harasa düşməlidir. Mən komandamın meydanda oynamasını istəyirəm. Oyun olduqca, nəticələr də olacaq. Əksi olanda isə təsadüfi qələbələrin davamını gətirmək alınmır. Futbolun özəlliyi də odur ki, epizodlar yaradırsan və dəyərləndirməyəndə rəqibə də şans verirsən".