"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının VII tur oyunundan - evdə "Qarabağ"a 1:7 hesabı ilə uduzduqları matçdan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis ağır yenilgini belə dəyərləndirib:
"Danışılacaq nəsə yoxdur. Rəqib bizdən üstün idi. Böyük motivasiya ilə oynadılar. Məğlubiyyətin bir çox səbəbləri var. Birinci qolu buraxmağımız an rəqibdə inam artdı. Kobud səhvlərimiz oldu. "Qarabağ" 8 qol epizodu yaratdı və bunların 7-si qol oldu. "Qarabağ" bu gün nə vururdusa, hamısı qol olurdu. Ramil Şeydayevin epizodundan başqa boşa verilən qol anı xatırlamıram.
Hesabın böyük olmaması üçün müəyyən dəyişikliklər etdik. Amma alınmadı. Müdafiədə boşluqlar var idi. Bu gün Musa Qurbanlının günü idi. Onda hər şey alınırdı. Bizim üçün uğursuz, rəqib üçün uğurlu gün oldu. İlk hissədə qapalı futbol oynayaraq əks-hücumlara bel bağlamaq niyyətində idik. Birinci yarıda qol vurduq, amma sistem işləmirdi. Hücum xəttini gücləndirmək niyyətində olsaq da, əks effekt verdi. Qismət Alıyev zədəli olduğu üçün ikinci yarıda meydana buraxdıq. Keyta da eyni durumdadır. Onu da eyni səbəbdən ikinci hissədə əvəzlədik. Bir çox futbolçularımız bu gün ən zəif oyunlarını keçirdilər. Rəqib də çox sürətli və dinamik çıxış edirdi. Mənim oyun fəlsəfəmdə meydanın mərkəzindən cərimə meydançasında asma yoxdur".