AFFA-nın təşkilatçılığı ilə ənənə halını alan Azərbaycan Region Liqası bu mövsüm də bölgələrdəki futbol azarkeşlərini sevindirəcək.
Region Liqasının İşçi qrupunun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev Fanat.Az-a açıqlamasında turnirdə yeni mövsümün nə zaman start götürəcəyi ilə bağlı danışıb:
"Hazırda komandaların qeydiyyatı prosesi yekunlaşmaq üzrədir. Yaxın günlərdə qeydiyyatdan keçən statistik məlumatları açıqlayacağıq. Komandalarla da görüşlərimiz keçirilib. Ötən mövsüm Region Liqasında çıxış edən komandaların əksəriyyətinin iştirakı və eyni zamanda yeni komandalarının qoşulması da nəzərdə tutulub.
Region Liqasında iştirakçı sayına məhdudiyyət qoyulmur. Belə bir limit yoxdur. Turnir müraciət edən komandaların sayına əsaslanaraq təşkil olunur. Müraciət edən komandaların təhlükəsizlik və təşkilatçılıq məsələlərini araşdırırıq. Təxmini olaraq komandaların ötən mövsümdəki ilə eyni sayda olacağı gözlənilir.
İştirakçılar qarşısında xüsusi bir tələblər yoxdur. Önəmli olan baza şərtləridir. Məsələn, ev oyunlarını keçirməsi üçün meydançası olmalıdır. Həmin stadiondan isə təminat məktubu təqdim edilməklidir. Bundan əlavə, rayonun güc strukturlarından təhlükəsizliklə bağlı təminat olmalıdır. Komandalar forma və toplarla AFFA tərəfindən təmin olunacaq. Yəni əlçatmaz olan xüsusi bir limit və ya şərtlər yoxdu.
Turnirin püşkatması oktyabrın ilk ongünlüyündə keçiriləcək. Çempionat da elə həmin ərəfələrdə başlayacaq".
Emin Şəmsiyev