Misli Premyer Liqasının VIII turu çərçivəsində "Qarabağ" öz meydanında "Neftçi"ni qəbul edəcək.
Futbol üzrə Azərbaycan millisinin və "Neftçi"nin sabiq hücumçusu Vəli Qasımov Fanat.Az-a açıqlamasında çempionatın ən maraqla gözlənilən oyununda tərəflərin şanslarını dəyərləndirib:
"Bu gün "Qarabağ"ın nümayiş etdirdiyi oyunu nəzərə alaraq, onları derbinin favoriti hesab edirəm. Amma bu əzəli rəqiblərin prinsipial qarşılaşmasıdır. Necə deyərlər, "Derbi, derbidir". Odur ki, ümumilikdə hər şey ola bilər. Bu oyuna "Qarabağ"ın hansı heyətlə meydana çıxacağı məlum deyil. Təxmin edirəm ki, oyunun vacibliyini nəzərə alaraq kifayət qədər güclü heyətlə çıxacaqlar.
Görüş azarkeşlər üçün də çox maraqlı keçəcək. Qarşılaşma "Qarabağ"ın meydanında baş tutacaq ki, bu da onlara əlavə üstünlük qazandırır. İllərdir Avropada sərgilədiyi oyunun hesabına "Qarabağ"ın çoxlu tərəfdarları ərsəyə gəlib. Doğma fanatlar qarşısında oynamaq "Qarabağ"ın işini bir az da yüngülləşdirir. Hər iki komanda arasında "Qarabağ"ın şanslarını daha yüksək qiymətləndirirəm".
Emin Şəmsiyev