"Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri matçdan - Azərbaycan Premyer Liqasının 8-ci turunun oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 39 yaşlı çalışdırıcı belə danışıb:
"İlk dəfə Şamaxıya səfər edirəm. Çox çətin oyun oldu. Belə qarşılaşmalara başqa cür köklənmək lazımdır. Rəqib meydanın hər qarışında mübarizə apardı. Son dəqiqələrdə qol vuraraq qələbə qazandıq. Belə nəticələr psixoloji cəhətdən önəmlidir. Bir çox epizodlarda ikili mübarizələrdə uduzur, sürətli əks-hücumlar qura bilmirdik. Bu məqamlardan narazı qaldım.
Qələbə qazandığımız üçün emosialar müsbətdir. Meydanda təbii ot örtüyü olsaydı, daha yaxşı olardı. Tribunalarda da çox sayda azarkeş var idi. Bu, yaxşı haldır.
Mütəxəssis son olaraq Namik Ələskərovun zədəsi barədə sualı cavablandırıb: "O, hazırda özünü yaxşı hiss edir. Yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq".