AFFA-nın İntizam Komitəsi bu gün baş tutan iclasda "Şamaxı”nı 3 min manat cərimələyib. Buna səbəb ötən tur səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olduqları oyunda futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması olub.
Maraqlıdır ki, 23 yaşlı hücumçu bu gün "Qəbələ" ilə ev oyununa da geyimində ad-soyad qeyd olunmadan çıxıb. O, əvəzetmədən oyuna qoşulub. Böyük ehtimalla, İntizam Komitəsi növbəti iclasında da klubu cərimə edəcək.
Fanat.Az məsələ ilə bağlı klubun mövqeyini öyrənib. "Şamaxı"nın mətbuat katibi Yusif Hüseynli bu barədə açıqlama verib:
"İntizam Komitəsinin ötən oyunla bağlı qərarından bu gün oyunun gedişində xəbər tutduq. Bugünkü hal isə bir növ məcburi oldu. Qurban Səfərov zədələndiyi üçün onu Rövşən Şahmuradov əvəzləməli oldu. İstənilən halda, bu bizim səhvimizdir və çalışacağıq ki, bu hal gələcəkdə bir daha baş verməsin".
Mirağa