"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Gəncədə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis görüşü belə dəyərləndirib:
"Maraqlı və mübarizəli oyun gördük. Görüşün əvvəlində komandada həyəcan hiss olunurdu. Bu, 4 illik fasilədən sonra Gəncədə Premyer Liqanın ilk matçı idi. Azarkeşlərə təşəkkür edirəm. Sonadək bizə dəstək oldular. Qol buraxandan sonra ayıldıq. Qarşımıza qoyulan tapşırığı yerinə yetirməyə çalışdıq. Oyunun sınma nöqtəsi qırmızı vərəqə almağımız oldu. Komandanın müdafiədə oturacağını düşündüm. Amma azlıqda olsaq da, yaxşı mübarizə apardıq. Qol üçün epizodlarımız da oldu. "Neftçi" kimi komandaya qarşı azlıqda çıxış etmək bir az çətindir".