UEFA Avropa Liqasının G qrupunun V turu çərçivəsində təmsilçimiz "Qarabağ" səfərdə Fransanın "Nant" klubunun qonağı olacaq.
"Qarabağ"ın və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın səfər oyunu barədə fikirlərini bölüşüb:
"Olimpiakos"la oyunun ilk matçdan fərqli olaraq ağır alınacağını proqnozlaşdırmışdıq. Hər şey gözlədiyimiz kimi də oldu. "Nant"la səfər oyununun da belə keçəcəyini düşünürəm. Onsuz da qrup oyunlarının heç birinin asan keçəcəyini demək olmaz. Hətta 3:0 hesablı qələbə qazandığımız oyunlar olsa belə... Düşünürəm ki, Fransada da kifayət qədər qol şanslarımız olacaq. İstər-istəməz "Nant" ehtiyatlı oynamaq məcburiyyətində olacaq. Bizə qalib gələcəkləri halda, onların qrupdakı mübarizəni ikinci pillədə tamamlamaq şansları var. Bu da onlara bizi yenmək üçün əlavə motivasiya verir. Çünki bizim sonda qrup lideri ilə oyunumuz var. "Nant" isə "Olimpiakos"la qarşılaşacaq. Yəni "Qarabağ" üzərində mütləq qələbə qazanmaq barədə düşünəcəklər. Belə olacağı halda, açıq futbol oynamağa üstünlük verəcəklər. "Qarabağ"a qarşı açıq futbol nümayiş etdirəndə isə təmsilçimiz həmişə yaxşı oynaya bilir. Məsələn, "Olimpiakos" Bakıda bizə qarşı kompakt oynadığı üçün qol şanslarımız nisbətən az oldu. "Nant" isə Fransada risk etmək məcburiyyətində qalacaq. Bu zaman qol şanslarımız da çox olacaq.
Gözləntim isə belədir: Səfərdə "Nant"ın qapısına mütləq yol tapacağıq. Oyun heç-heçə də nəticələnə bilər. Amma məğlubiyyət haqda düşünmürəm. Biz uduzmayacağıq".
Emin Şəmsiyev