"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransada "Nant"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, təcrübəli çalışdırıcı "CBC Sport"a açıqlamasında matçla bağlı bunları deyib:
"Futbolçularım 90 dəqiqə mükəmməl mübarizə apardılər. Rəqibdən çəkinmədik. Rəqib ikinci hissədə çox yaxşı dəyişikliklər etdi. Baş məşqçi meydana bacarıqlı oyunçular buraxdı. Futbolun gözəlliyi də bundadır. Futbolçularım üzgündür. Hər birinə yaxınlaşdım, hamısını göstərdikləri oyuna görə təbrik etdim. Heç-heçəni əldən verdiyimiz üçün məyusuq. Amma irəliyə baxmalı, böyüməliyik. Bu komanda mənə ümid verir. Qarşıdakı illərdə daha yaxşı olacağıq.
Bu gün yenə 2-ci yerdəyik. Son turda diqqətimizi Yunanıstandakı matça yönəltməyəcəyik, "Frayburq"la oyunumuza köklənəcəyik. Düzdür, mobil komandaya qarşı oynayacağıq. Bu görüşün bizim üçün böyük faydası olacaq. Məğlubiyyət barədə düşünmürük. Amma uduzsaq belə, yaxşı təcrübə olacaq.
Rəqibin sol cinahında bacarıqlı futbolçular var. Ona görə Veşoviçdə yorğunluq hiss olunurdu. Buna görə onu əvəzlədim. Qarşısındakı rəqib çox fəal idi. Hücumu gücləndirmək üçün Ramil Şeydayevi meydana buraxdım. Yaxşı mübarizə apardığımızı düşünürəm.
Şahruddin Məhəmmədəliyevin buraxılan ilk qoldakı səhvinə gəlincə, texniki, dünya futbolunda olan normal səhvdir. Biz bu cür böyüməliyik. Futbol pas oyunudur və bu, qapıçıdan başlayır".