Region Liqasının 2022/2023 mövsümünün yeni iştirakçıları arasında "Xəzər Lənkəran 42" də var.
Komandanın direktoru Höccət Hacıyev Fanat.Az-a müsahibəsində Cənub təmsilçisinin planlarından bəhs edib:
- "Xəzər Lənkəran 42" klubunu yaratmaq ideyası kimdən gəldi??
- Klubun yaranması mənim ideyamdır. Əlbəttə ki, burda Lənkəran futbolsevərlərinin istəklərini də qeyd edərdim. Çünki hara gedirdimsə, mənə verilən ilk sual Lənkərana futbolun nə zaman qayıdacağı olurdu. Bildiyiniz kimi, Lənkəranda futbolu çox sevirlər. "Xəzər Lənkəran"ı isə hər şeydən üstün tuturlar. Ona görə qərara gəldim ki, "Xəzər Lənkəran 42" klubunu yaradaq.
- AFFA ilə əlaqələriniz hansı səviyyədədir?
- AFFA ilə əlaqəmiz yüksək səviyyədədir. Təşəbbüsümü qiymətləndirdikləri üçün onlara təşəkkürümü bildirirəm. Sözsüz ki, AFFA-nın da istəyi Cənub bölgəsində futbolun olmasıdır. Bir daha qeyd edim ki, burda futbolu çox sevirlər. "Xəzər Lənkəran" hər zaman ölkə futboluna öz tövhələrini verib. Bu gün milli komandanın və "Qarabağ" klubunun futbolçuları olan Toral Bayramov və Nəriman Axundzadə məhz "Xəzər Lənkəran"ın yetirmələridir. Düşünürəm ki, biz "Xəzər Lənkəran" olaraq yenidən Azərbaycan futboluna öz tövhələrimizi verə biləcəyik. Cənub bölgəsində istedadlı futbolçular yetişməkdə davam edir.
- Sosial şəbəkələrdə kluba Mübariz Mənsimovun qardaşı Mais Mənsimovun rəhbərlik edəcəyi ilə bağlı xəbərlər dolaşırdı. Bu, həqiqəti əks etdirir?
- Mais Mənsimovun "Xəzər Lənkəran 42" ilə heç bir əlaqəsi yoxdur. Ona xüsusi təşəkkürümüzü bildirirk ki, stadionu bizim öhdəmizə verib. Biz burda məşqlərimizi və ev oyunlarımızı keçirirk.
- Komandanın baş məşqçisi rəsmi səhifənizdə açıqlanmayıb. Komandanı kim çalışdıracaq?
- Komandanın baş məşqçisi Ağadadaş Həmidovdur.
- Növbəti mövsüm Region Liqasında mübarizənizi davam etdirəcəksiniz, yoxsa hədəfiniz daha yüksək liqadır?
- Əsas hədəfimiz gələn mövsüm I Diviziona yüksəlməkdir. Ümid edirik ki, bunun üçün AFFA bizə lazım olan dəstəyi göstərəcək. İnanırıq ki, bizim orda çıxışımıza icazə veriləcək.
- Höccət müəllim "Xəzər Lənkəran 42" klubu Lənkəran azarkeşinə nə vəd edir?
- "Xəzər Lənkəran" azarkeşləri hər zaman fəallığı ilə seçilib. Biz həmişə onlara güvənmişik, bu gün də güvənirik. "Xəzər Lənkəran 42" onları hər zaman komandamızın yanında görür. Onları stadiona dəvət edirik. İnanırıq ki, həmin azarkeşlərlə uğurlu gələcəyə doğru irəliləyəcəyik.
Emin Şəmsiyev